Bəxtiyar Məmmədov: “Xətlərin ayrılması və yeni stansiyaların inşası 2026-cı ildə aktiv fazaya keçəcək”

Cəmiyyət

07.11.2025 11:02

“Bakı Metropolitenində hazırda tətbiq olunan interval texniki baxımdan mümkün olan ən minimal həddə çatdırılıb”.

TodayPress TV xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın illərdə xətlərin ayrılması prosesi mərhələli şəkildə həyata keçiriləcək və bunun nəticəsində interval daha da azaldıla bilər:

“Xətlərin ayrılması prosesi iki əsas mərhələdən ibarətdir. Birinci mərhələdə fiziki olaraq xətlərin bir-birindən ayrılması təmin olunmalıdır. İkinci mərhələdə isə intervalların azaldılması məsələsi artıq qatar sayı və infrastruktur imkanları ilə birbaşa bağlıdır”.

Bəxtiyar Məmmədov bildirib ki, bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında yeni dalanın inşası nəzərdə tutulub:

“Layihənin təsdiq prosesi artıq yekunlaşıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Yaşıl xəttin müstəqil fəaliyyətə keçməsi ilə “Xətai” stansiyasından sonra qatarların stansiya arxasından dönüb geri qayıtması üçün zəruri infrastruktur yaradılacaq. Bu, layihə üzrə “Xətai” stansiyasından sonrakı ikinci stansiyada reallaşacaq”.

B.Məmmədov əlavə edib ki, dövlət proqramına uyğun olaraq ümumilikdə 10 yeni stansiyanın inşası planlaşdırılır:

“Həmin stansiyalardan ikisi məhz bu istiqamətdə yerləşir. Artıq layihələndirmə işləri başa çatdırılıb, icraçı təşkilatlar müəyyənləşdirilib. Hazırda stansiyaların yerləşmə nöqtələrinin dəqiqləşdirilməsi və sənədləşdirmə işləri aparılır. Qanunvericiliyin tələblərinə uyğun bütün prosedurlar tamamlandıqdan sonra inşaat mərhələsinə start veriləcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, bütün bu proseslərin 2026-cı ildən etibarən aktiv fazaya keçməsi planlaşdırılır.

Qiymət Mahir

TodayPress TV

tag: Bəxtiyar Məmmədov,Metro,İnterval,Qatar,Todaypress.tv,