“Balıqçılıq haqqında” qanun layihəsi sahənin inkişafına xidmət edəcək
Cəmiyyət
19.12.2025 11:28
“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada hazırlanması balıqçılıq və akvakultura sahəsində fəaliyyətin hüquqi və institusional baxımdan təkmilləşdirilməsinə, mövcud mexanizmlərin sadələşdirilməsinə və daha effektiv idarəetmənin təmin olunmasına imkan yaradacaq”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsi balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına, istehsal proseslərinin təşkili və genişləndirilməsinə, eləcə də dövlət dəstəyinin daha səmərəli tətbiqinə xidmət edir. Layihənin hazırlanması prosesində qabaqcıl xarici təcrübə öyrənilib, beynəlxalq praktikada balıqçılığa ekosistem yanaşması və müasir idarəetmə mexanizmləri nəzərə alınıb.
Ceyhun Əliyev bildirib ki, balıqçılıq, xüsusilə də akvakultura sahəsi uzun illərdir kənd təsərrüfatı sahəsinə aid edilmədiyi üçün bu sahəyə tətbiq olunan vergi güzəştləri və dövlət dəstəyi mexanizmlərindən tam yararlanmaq mümkün olmayıb. Yeni qanun layihəsində akvakultura fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, bu sahədə vergi və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Direktor qeyd edib ki, layihə çərçivəsində balıqçılıq və akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü təşkili, investisiya cəlbediciliyinin artırılması, müasir istehsal texnologiyalarının tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər kimi müəyyən edilib.
O əlavə edib ki, Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs olaraq 2025-ci il ərzində sahənin inkişafı, institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində təşəbbüskar və iştirakçı qismində fəal rol oynayıb.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
