Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO

Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO
17.06.2026 13:29 Cəmiyyət

Autizm sadəcə diaqnoz deyil, fərqli düşünmə tərzidir. Autizmli uşaqlar dünyanı bizim qəbul etdiyimizdən başqa cür görürlər. Bəziləri detallara diqqət yetirir, səslərə, işıqlara həddindən artıq həssas olur, digərləri isə ünsiyyətdə çətinlik çəkirlər. Amma bu fərqlilik onları cəmiyyətdən ayırmamalıdır.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyası yalnız tədbirlərlə deyil, davamlı və sistemli yanaşma ilə mümkündür.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə cəmiyyətdə autizm haqqında düzgün məlumatlandırma aparılmalı, stereotiplər və yanlış təsəvvürlər aradan qaldırılmalıdır:

"Təhsil müəssisələrində inklüziv mühit yaradılmalı, müəllimlər və valideynlər bu sahədə maarifləndirilməlidirlər. Eyni zamanda autizmli uşaqların sosial bacarıqlarının inkişafına dəstək verən fəaliyyətlər təşkil edilməli, onların maraq və qabiliyyətlərinə uyğun iştirak imkanları genişləndirilməlidir". 

Psixoloq qeyd edib ki, ən vacibi isə onları fərqli deyil, cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul etməkdir:

"Qəbul, anlayış və dəstək olduqda autizmli uşaqlar öz potensiallarını daha rahat ortaya qoya və cəmiyyətə uğurla inteqrasiya ola bilərlər".

Belə tədbirlərdən biri də Azərbaycan Tibb Universitetində (ATU) keçirilib. Belə ki, Bakı şəhər Gənclər və İdman İdarəsi, “Yaşam” İnklüziv Psixoloji Bərpa Mərkəzi və ATU-nun “Təbib” Tədris-İdman Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı 2026 - Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə autizmli uşaqlar arasında stolüstü tennis üzrə Nəsimi rayon turniri baş tutub.  

Turnirin əsas məqsədi autizmli uşaqların idmana cəlb olunması, onların fiziki və sosial inkişafının dəstəklənməsi, həmçinin cəmiyyətə inteqrasiyasının təşviq edilməsidir. 

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov turnirin əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb. 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov autizmli uşaqların cəmiyyətə inteqrasiyasında bu cür layihələrin mühüm rol oynadığını vurğulayıb. O, uşaqların fiziki və sosial inkişafına yönəlmiş təşəbbüslərin daim dəstəklənməsinin vacibliyini qeyd edərək idmançılara uğurlar arzulayıb.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev də belə tədbirlərin uşaqların idmana marağının artırılması və sosial fəallıqlarının gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək yarış iştirakçılarına müvəffəqiyyətlər diləyib.

“Yaşam” İnklüziv Psixoloji Bərpa Mərkəzinin idman məsələləri üzrə əməkdaşı Əliniyaz Mirzəyev çıxışında tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib, belə təşəbbüslərin uşaqların sosial bacarıqlarının inkişafına və fəal həyata qoşulmasına mühüm töhfə verdiyini qeyd edib. O, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

ATU-nun Psixiatriya kafedrasının tədris hissə müdiri Nərmin Quliyeva isə turnirə qatılan bütün autizmli uşaqların artıq bir qalib olduğunu diqqətə çatdırıb. N.Quliyeva uşaqların təşviş səviyyəsini azaltmaq və onları yarışa daha rahat hazırlamaq məqsədilə tədbirin ikinci hissəsinin qeyri-formal keçiriləcəyini qeyd edib.

Bunun ardınca uşaq psixiatrı Pərvin Müslümzadə, klinik psixoloq və Koqnitiv-Davranış Terapiyası mütəxəssisi Günay Süleymanova, eləcə də həkim-rezident, psixiatr Dr. Nigar İsgəndərovanın iştirakı ilə stolüstü tennis yarışından öncə autizm spektr pozuntusu olan yeniyetmələrin psixoloji hazırlığı üçün seminar və birgə oyun formatında xüsusi mərhələ keçirilib.

Rəsmi hissənin ardından iştirakçılara yarış qaydaları izah olunub və stolüstü tennis turnirinə start verilib.

Yarış iki qrup üzrə keçirilib və nəticələrə əsasən qaliblər müəyyənləşib. Birinci qrupda Amin Hacıyev I yerə, Sənan Həsənov II yerə, Xəqan Əliyev III yerə, Yunis Babayev isə IV yerə layiq görülüb. İkinci qrup üzrə keçirilən yarışda isə Hüseyin Məmmədov I yeri, Zeynal Mütəllimov II yeri, Onur Ata Aslanov III yeri, Cahid Vəliyev isə IV yeri tutub.

Nəticələr bəlli olduqdan sonra təntənəli təltifolunma mərasimi keçirilib. Qaliblər və fəal iştirakçılar təşkilatçılar tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Türkan İsgəndərli

FOTOLAR

Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 1
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 2
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 3
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 4
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 5
Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO — 6
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər