Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər!
Nigeriyalı hücumçu Viktor Osimhen yay transfer pəncərəsinin ən çox müzakirə olunan futbolçularından biri olmağa davam edir.
TodayPress TV xəbər verir ki, Nigeriya millisinin baş məşqçisi Erik Şellenin açıqlamalarından sonra futbolçunun gələcəyi yenidən gündəmə gəlib.
Mütəxəssis Osimheni yoldaşlıq oyunları üçün milliyə dəvət etməməsinin səbəbini belə izah edib:
“Əgər Viktorun fikirləri tamamilə burada deyilsə, onun evdə qalmasını üstün tutaram. Belə olan halda meydana çıxmasının mənası yoxdur”.
Bundan sonra “Sporx” nəşri futbolçu ilə “Çelsi” klubunun maraqlandığını yazıb. Hələlik London təmsilçisinin “Qalatasaray”a rəsmi təklif göndərmədiyi bildirilir.
Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı forvardı 150 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Daha sonra Osimhen özü yayılan xəbərlərə münasibət bildirib. Hücumçu baş məşqçi ilə telefon danışığı apardığını və onun sözlərinin yanlış şərh olunduğunu qeyd edib:
“Erik Şelle ilə açıqlamaları barədə danışdım. Təəssüf ki, onun fikirləri kontekstdən çıxarılıb və vəziyyət şişirdilib. O, “Qalatasaray”a böyük hörmətlə yanaşır, komandamızın oyunlarını müntəzəm izləyir və heç bir mübahisə yaratmaq niyyətində olmayıb. Hər kəsdən bu söz-söhbətlərə əhəmiyyət verməməyi xahiş edirəm”.
Namiq HUN