Belaruslu tennisçidən müharibə ilə bağlı təsirli sözlər
Dünya reytinqinin bir nömrəsi Arina Sobolenko ukraynalı tennisçilərin matçlardan sonra əl sıxmaqdan imtina etməsinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, belaruslu idmançı bu barədə “Vogue” jurnalına müsahibəsində danışıb.
Sobolenko ukraynalı tennisçilərin qərarına hörmətlə yanaşdığını deyib:
“Əl sıxmaqdan imtinanı anlayıram və buna hörmət edirəm. Bunun şəxsi məsələ olmadığını bilirəm. Onlar bununla müəyyən mesaj verirlər”.
Tennisçi son illərdə böyük təzyiqlə üzləşdiyini də qeyd edib:
“Tur ərzində çox nifrətlə qarşılaşdım. Hətta bir məşqçi mənə elə hücum etmişdi ki, sanki bombaları mən atıram”.
Sobolenko müharibənin tezliklə başa çatmasını arzuladığını vurğulayıb:
“Mən hamı üçün sülh istəyirəm. İnsanlar danışıqlar masasına oturub bu məsələləri həll etməlidirlər”.
Belaruslu tennisçi idmanın insanları birləşdirməli olduğunu bildirib:
“İdman insanların birləşdiyi yer olmalıdır. Ukraynalılarla belaruslar illərlə qardaş və bacı kimi olublar. Biz bir-birimizə çox yaxınıq. İndi isə aramızda böyük divar var və onun nə vaxtsa yox olub-olmayacağını bilmirəm”.
Qeyd edək ki, ukraynalı tennisçilər 2022-ci ildən etibarən Rusiya və Belarus təmsilçiləri ilə oyunlardan sonra əl sıxmırlar.
Namiq HUN