2025-də sabitləşən turizmi 2026-da nə gözləyir?

2025-də sabitləşən turizmi 2026-da nə gözləyir?
23.12.2025 17:30 Turizm

"2025-ci il qlobal turizm sektoru üçün pandemiyadan sonrakı bərpa mərhələsinin tamamlandığı və sabit inkişaf dövrünün başlandığı il olub. BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatlarına əsasən, beynəlxalq turist səfərlərinin sayı artıq pandemiyadan əvvəlki 2019-cu il səviyyəsini üstələyib və il ərzində orta hesabla 5 faizlik artım qeydə alınıb". 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı DAİR-in sədri, turizm eksperti Samir Dübəndi verib.


Onun sözlərinə görə, turizm gəlirləri rekord həddə çatıb, sektor qlobal iqtisadiyyatın və məşğulluğun bərpasında əsas drayverlərdən birinə çevrilib. Bununla yanaşı, inflyasiya, səyahət xərclərinin artması və geosiyasi gərginliklər 2025-ci ildə turizm sektorunun əsas riskləri olaraq qalmaqda davam edib.

Ekspert vurğulayıb ki, Azərbaycan üçün 2025-ci il turizmdə sürətli artımdan sonra nisbi sabitləşmə ili olub:

"2024-cü ildə rekord göstərici ilə 2,63 milyon xarici turist qəbul edildikdən sonra, 2025-ci ildə ölkəyə gələn əcnəbi ziyarətçilərin sayı təxminən 2,5 milyon nəfər səviyyəsində formalaşıb. Bu, əvvəlki illə müqayisədə cüzi azalma olsa da, pandemiyadan sonrakı dövr üçün yüksək göstərici olaraq qiymətləndirilib. Xarici turist axınındakı azalmanın əsas səbəbləri Rusiya və MDB bazarlarında müşahidə edilən zəifləmə və 2024-cü ildə formalaşan yüksək baza effekti olub".

Sədr əlavə edib ki, 2025-ci ildə Azərbaycanın turizm bazarının coğrafiyası daha da şaxələnib. Belə ki, Türkiyə, İran və Gürcüstan əsas bazarlar olaraq mövqelərini qoruyub, Çin, İsrail və Orta Asiya ölkələrindən gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Xüsusilə Çin bazarından gələn turist axınının sürətlə bərpa olunması və İsrail ilə vizasız rejimin təsiri nəticəsində həmin ölkələr perspektivli bazarlar kimi ön plana çıxıb. Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında da mülayim artım müşahidə edilib.

O bildirib ki, 2025-ci ildə daxili turizm də Azərbaycanın turizm sektorunun əsas inkişaf lokomotivi olub: 

"Azərbaycan vətəndaşlarının ölkədaxili səyahətə xərclədiyi məbləğ təxminən 3,8 milyard manata çatıb və tarixi rekord qeydə alınıb. Xüsusilə Qəbələ, Şəki, Quba-Qusar, Lənkəran-Astara bölgələri, eləcə də Şahdağ Turizm Mərkəzi daxili turistlərin əsas cəlb olunduğu istiqamətlər olub. Şahdağ qış-yay turizm kompleksi 2025-ci ildə 300 mindən çox ziyarətçi qəbul edib və daxili turizmin artan potensialını nümayiş etdirib.

Regionlar üzrə turizmin inkişafında 2025-ci il mühüm dönüş nöqtəsi kimi qiymətləndirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm fəaliyyətinin genişlənməsi, xüsusilə Şuşa şəhərinin mədəni və turistik mərkəzə çevrilməsi diqqət çəkib. Qarabağ regionunda mehmanxana gəlirləri əvvəlki illə müqayisədə 60 faizdən çox artıb. Bununla yanaşı, bölgədə yerləşmə infrastrukturunun məhdudluğu turizmin gələcək inkişafı üçün əsas çağırış olaraq qalmaqda davam edib".

Samir Dübəndi qeyd edib ki, 2025-ci ildə turizm sektorunun iqtisadi təsiri əhəmiyyətli dərəcədə güclənib. Turizmin Azərbaycan iqtisadiyyatına birbaşa töhfəsi təxminən 10,3 milyard manat səviyyəsində qiymətləndirilib, sektorun ÜDM-də payı 8 faizdən çox olub. Eyni zamanda, turizm sahəsində məşğul olanların sayı artaraq təxminən 472 min nəfərə çatıb ki, bu da turizmin ölkədə məşğulluğun əsas mənbələrindən birinə çevrildiyini göstərib:

"Turizmin müxtəlif növləri üzrə də müsbət dinamika müşahidə edilib. Biznes və konqres turizmi Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə bərpa mərhələsini demək olar ki, tamamlayıb. Sağlamlıq turizmi sahəsində Naftalan və Duzdağ kimi kurortların beynəlxalq tanınması artıb, kənd və ekoturizm bölgələrdə yerli sahibkarlığın inkişafına töhfə verib. Mədəni turizm isə Şuşa, İçərişəhər, Qobustan və Şəki kimi mərkəzlər vasitəsilə Azərbaycanın turizm brendinin əsas sütunlarından biri olaraq mövqeyini möhkəmləndirib".

Mütəxəssisin proqnozlarına görə, 2026-cı ilə dair proqnozlar ehtiyatlı nikbinlik üzərində qurulub. Mövcud tendensiyalar davam edərsə, Azərbaycana gələn xarici turistlərin sayının 2,7-2,8 milyon nəfərə çatacağı gözlənilir:

"Əsas risklər geosiyasi qeyri-sabitlik, aviadaşımaların bahalılığı və turizm sektorunda kadr çatışmazlığı ilə bağlı olub. Bununla yanaşı, Qarabağ regionunun turizmə daha aktiv inteqrasiyası, yeni hava limanlarının fəaliyyəti, habelə Çin, Hindistan və Orta Asiya bazarlarında aparılan hədəfli marketinq siyasəti 2026-cı ildə turizmin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün real imkanlar yaradıb".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News