Növbəti onillik hamının evi olmalıdır
“Artıq yalnız ambisiya dövrü keçib — növbəti onillik adekvat mənzil, dayanıqlı icmalar və real nəticələrlə müəyyən olunmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, forumda iştirak edən 176 ölkə inklüziv dialoqun gücünü nümayiş etdirib:
“Bakıda tətbiq edilən innovativ hazırlıq yanaşmaları və ilk dəfə təqdim olunan Liderlərin Bəyanatı sessiyası iştirakçı nazirlər tərəfindən yüksək qiymətləndirildi. Nazirlər Azərbaycan və UN-Habitat arasında gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə əməliyyat qaydalarının hazırlanmasına dair birgə niyyəti dəstəklədilər. İştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini, həmçinin UN-Habitat və onun İcraçı direktoru Anaklaudia Rossbaxın adekvat mənzil və dayanıqlı urbanizasiya üzrə beynəlxalq əməkdaşlıq platformasının yaradılmasına verdiyi töhfəni yüksək qiymətləndirdilər. Forum çərçivəsində mənzil məsələsi inklüziv, dayanıqlı və davamlı şəhər inkişafının əsas çıxış nöqtəsi kimi qəbul olundu”.
O qeyd edib ki, mənzil insan hüququ və ləyaqət, eləcə də imkanların əsas elementi kimi dəyərləndirilib.
Komitə sədrinin sözlərinə görə, şəhər problemləri bir-biri ilə əlaqəlidir və bu səbəbdən mənzil, nəqliyyat, infrastruktur, məşğulluq, iqlim fəaliyyəti və ictimai xidmətlər üzrə inteqrasiya olunmuş planlaşdırma vacibdir:
“İqlim dəyişikliyi, eyni zamanda mənzil böhranıdır və bu proses xüsusilə həssas qruplara və qeyri-formal yaşayış məntəqələrinə daha çox təsir göstərir. Təmiz hava yalnız ekoloji məsələ deyil, həm də ictimai sağlamlıq, həyat keyfiyyəti və dayanıqlı şəhər planlaşdırması məsələsidir. Güclü yerli idarəetmə, səlahiyyətləndirilmiş yerli hakimiyyət orqanları və proqnozlaşdırılan maliyyələşmə mexanizmləri mühüm əhəmiyyət daşıyır. Şəhər və bələdiyyə planlaşdırılması, eləcə də əlçatan mənzil maliyyələşdirilməsi istiqamətində investisiyalar artırılmalıdır”.
Anar Quliyev bildirib ki, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa modeli və yenidənqurma təcrübəsi qlobal şəhər müzakirələrinə dəyərli töhfə kimi qiymətləndirilib.
O əlavə edib ki, Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşmalar Paketi (4SRP) praktiki bərpa mexanizmi kimi dəstəklənib.
Komitə sədri vurğulayıb ki, növbəti onillik hesabatlılıq və insanların həyatında real dəyişikliklərin təmin olunmasına üstünlük verməlidir.
“Dayanıqlı şəhər gələcəyi həmrəylik, əməkdaşlıq və ortaq məsuliyyət tələb edir. Bakıdan verilən mesaj aydındır — artıq yalnız ambisiyalar kifayət deyil”, – deyə o bildirib.
“Forum çərçivəsində 400-dən çox tədbir — dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, assambleyalar və tərəfdaş tədbirləri təşkil olundu. Əsas sessiyalarda 125 ölkədən 400 çıxışçı iştirak etdi. Ümumdünya Şəhərsalma Forumunun əsas gücü onun inklüzivliyindədir. WUF şəhərlərin və icmaların gələcəyinin formalaşdırılmasında cəmiyyətin müxtəlif qruplarını bərabər tərəfdaş kimi bir araya gətirir”.
Qiymət Mahir