Gələcəyin şəhərlərində hər kəs yaşaya biləcək
WUF13 çərçivəsində keçirilən tədbirlərdə irs, dayanıqlı planlaşdırma, ağıllı şəhərlər, mənzil, turizm və azad edilmiş ərazilərin bərpası əsas mövzular olub.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, forum çərçivəsində fəaliyyət göstərən pavilyonda mədəni irsin qorunması, dayanıqlı şəhərsalma, ağıllı şəhərlər, mənzil siyasəti, turizm və azad edilmiş ərazilərdə aparılan bərpa işləri nümayiş etdirilib:
“Pavilyonun özündə 30-a yaxın tədbir keçirildi, bu tədbirlərdə yerli və beynəlxalq olmaqla təxminən min yarım iştirakçı yer aldı. Pavilyon dialoq, əməkdaşlıq və bilik mübadiləsi üçün mühüm platformaya çevrilib və bu müxtəliflik Ümumdünya Şəhərsalma Forumunun əsas üstünlüklərindən olan inklüzivliyi əks etdirdi”.
Komitə sədri vurğulayıb ki, WUF13 geniş mənada maraqlı tərəflərin rəhbərlik etdiyi forum olub və bütün iştirakçılar şəhər gələcəyinin formalaşdırılmasında bərabər tərəfdaş kimi çıxış ediblər.
Anar Quliyev bildirib ki, forum WUF prosesinin inklüziv və iştirakçı xarakterini tam şəkildə əks etdirib. O qeyd edib ki, maraqlı tərəflərdən formalaşdırılmış Məşvərət Şurası WUF13-ün əsas nəticə sənədlərindən biri olan Bakı Fəaliyyətə Çağırış sənədinin hazırlanmasına töhfə verib.
Komitə sədri əlavə edib ki, WUF13 tarixində ilk dəfə olaraq QHT Forumu təşkil olunub və tədbirdə 100-dən çox ölkədən 800-ə yaxın iştirakçı bir araya gəlib.
Onun sözlərinə görə, bu platforma vətəndaş cəmiyyətinin, yerli təşəbbüslərin və icmaların inklüziv, dayanıqlı və insan yönümlü şəhər gələcəyinin qurulmasında vacib rolunu nümayiş etdirib.
Anar Quliyev qeyd edib ki, QHT Forumu çərçivəsində Azərbaycan QHT-lərinin təşəbbüsü ilə şəhər dayanıqlılığı və qlobal əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul olunub.
O bildirib ki, sənəd WUF13-də iştirak edən 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən imzalanıb.
Komitə sədrinin sözlərinə görə, bəyannamədə şəhər çağırışlarının, qlobal mənzil böhranının aradan qaldırılması və daha inklüziv şəhər inkişafının təmin olunması üçün həmrəylik, tərəfdaşlıq və koordinasiyalı beynəlxalq fəaliyyətin əhəmiyyəti bir daha təsdiqlənib.
Anar Quliyev əlavə edib ki, QHT pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə təxminən 3 min yerli və beynəlxalq iştirakçı yer alıb ki, bu da Azərbaycanın forumun tematik gündəliyinə verdiyi güclü töhfəni və fəal iştirakını nümayiş etdirib.
Qiymət Mahir