İran raket arsenalına çıxışı bərpa edir? - "CNN" açıqladı
Peyk görüntüləri İranın yeraltı raket obyektlərinə giriş-çıxışı sürətlə bərpa etdiyini göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, yeni peyk görüntüləri İranın yeraltı obyektlərdə saxlanılan raket ehtiyatlarına çıxışı yenidən təmin etdiyini təsdiqləyir. Bildirilir ki, bu vəziyyət ABŞ Prezidenti Donald Trampın Tehranın raket arsenalının demək olar tamamilə məhv edildiyi barədə iddialarını şübhə altına salır.
Qeyd olunub ki, müharibə dövründə İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumlar nəticəsində bu komplekslərin bir çoxu sıradan çıxarılıb və girişləri bağlanıb. Bunun nəticəsində İranın raket buraxıcı qurğularının əhəmiyyətli hissəsi obyektlərin daxilində qalıb və ölkənin raket buraxmaq imkanları ciddi şəkildə zəifləyib.
Hazırda isə İranın buldozer və yük maşınlarından istifadə edərək dağıdılmış girişləri təmizlədiyi və obyektlərə çıxışı bərpa etdiyi bildirilir.
Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi kampaniyanın uğurlu olduğunu vurğulamaqda davam edir.
Aysel Mətləb