Ceyhun Bayramov: “TRIPP marşrutu Azərbaycanın legitim maraqlarına əsaslanır”

Xarici siyasət

26.12.2025 16:33

“Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması ilə bağlı razılaşma 2020-ci ildən mövcuddur. Bu müddət ərzində Ermənistan tərəfindən heç bir əməli addım atılmayıb. Azərbaycan isə dərhal öz ərazisində müvafiq işlərə başlayıb və həmin işlərin böyük hissəsi artıq başa çatdırılıb. Ermənistan tərəfinin fəaliyyətsizliyi səbəbindən danışıqlar da uzun müddət nəticəsiz qalıb”.  

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ermənistanın bu prosesdə ləngiməsinin səbəblərini qiymətləndirməyə ehtiyac yoxdur, lakin faktiki olaraq öhdəliklərin icra edilmədiyi açıq şəkildə görünür. Onun sözlərinə görə, 8 avqust tarixində razılaşdırılmış paket çərçivəsində bu öhdəliklərin yenidən təsbit olunması mühüm addım olub.

Ceyhun Bayramov qeyd edib ki, TRIPP təşəbbüsü ABŞ Prezidenti Donald Trampın adı ilə bağlıdır və bu baxımdan layihə ABŞ üçün də ciddi irəliləyiş hesab olunur. Azərbaycan özünün legitim maraqlarını qarşı tərəfə açıq şəkildə çatdırıb və bu maraqların nəzərə alınacağına ümid edir.

Nazir vurğulayıb ki, TRIPP marşrutunun həm giriş, həm də çıxış nöqtələri Azərbaycan ərazisində yerləşir. Şərtlər Azərbaycanın maraqlarına uyğun olmadığı təqdirdə layihənin icrası mümkün deyil. Onun sözlərinə görə, bu layihə son dərəcə əhəmiyyətlidir: bir tərəfdən Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantının təmin olunması, digər tərəfdən isə Şərq–Qərb nəqliyyat dəhlizi üçün böyük perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,