Vaşinqton Razılaşması: Regionda Rusiya və İran təsiri sıfırlanır
Təhlil
08.08.2025 17:27
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Vaşinqton görüşü Cənubi Qafqazda yeni geosiyasi dövrün başlanğıcıdır. Sülh müqaviləsinin imzalanması ilə 30 ildən artıq davam edən münaqişəyə son qoyulacaq".
Bunu Politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında Ermənistan-Azərbaycan münaqişəsinin sona çatdırılması, siyasi əlaqələrin bərpası, həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mühüm sənədlərin imzalanması gözlənilir.
"Əsas müzakirə mövzuları arasında Zəngəzur dəhlizinin açılması və “Tramp körpüsü” adlanan strateji nəqliyyat infrastrukturunun ABŞ şirkətinin nəzarətinə verilməsi, həmçinin ABŞ ilə Azərbaycan arasında strateji Xartiya üzrə işçi qrupun yaradılması var. Görüş zamanı 907-ci düzəlişin dondurulması məsələsi də gündəmə gətiriləcək".
Politoloq vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin açılması regionun inkişafına təkan verəcək, Rusiya və İranın təsiri azalacaq, Azərbaycan isə bölgənin yeni nəqliyyat və enerji mərkəzinə çevriləcək.
"Görüşdə Ermənistanın Konstitusiyasının dəyişdirilməsi məsələsi isə növbəti mərhələyə saxlanılıb və bu da sülh prosesinin dayanıqlığını təmin edəcək. Bu tarixi hadisə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, regional əməkdaşlığın gücləndirilməsi üçün yeni ümidlər yaradır".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan və Ermənistanın gələcək əməkdaşlığı regionda böyük iqtisadi və siyasi dəyişikliklərin əsasını qoyacaq.
Türkan İsgəndərli
tag: Məhəmməd Əsədullzadə,Politoloq,Rusiya,İran,Todaypress.tv,
