Türk birliyi yolunda Bakıdan önəmli töhfə: Azərbaycandan TÜRKPA-ya sədrlik nümunəsi

Təhlil

12.06.2025 14:02

“Azərbaycan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) formalaşmasında və bu günə qədərki inkişafında aparıcı rol oynamış əsas dövlətdir”. 

“Cross Media” Təhlil Mərkəzinin baş direktoru, siyasi şərhçi Mübariz Göyüşlü bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Assambleyanın mərkəzi qərargahının Bakıda yerləşməsi təsadüfi deyil, bu, Azərbaycanın təşkilata verdiyi strateji önəmin göstəricisidir.

"Azərbaycan yalnız TÜRKPA deyil, ümumiyyətlə Türk Dövlətləri Təşkilatının (TDT) bütün struktur və mexanizmlərinə ardıcıl və fəal şəkildə dəstək göstərir. Prezident İlham Əliyevin türk birliyi məsələlərinə xüsusi önəm verdiyini həm ritorikasında, həm də praktiki siyasətində aydın şəkildə müşahidə edirik”.

Ekspert əlavə edib ki, Azərbaycanın sədrlik dövrü həm təşkilati, həm də məzmun baxımından uğurlu mərhələ kimi qiymətləndirilə bilər. Rəsmi Bakının təşəbbüsləri sayəsində TÜRKPA-nın fəaliyyətində yeni proseslərə start verildi, qərarların qəbulu və koordinasiya işlərində dinamika artdı. İndi isə bu sədrlik uğurla Qazaxıstana ötürülür və inanırıq ki, Qazaxıstan da bu xətti davam etdirəcək.

Mübariz Göyüşlünün fikrincə, hazırkı mərhələdə TÜRKPA-nın qanunverici orqanlar səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi baxımından türk dünyasında mühüm rol oynadığı müşahidə olunur: “Bu platforma Türk dövlətləri arasında hüquqi və siyasi koordinasiyanın inkişafına real töhfələr verir. Azərbaycanın bu sahədəki liderliyi isə Türk birliyinin gələcəyi baxımından nümunəvi model kimi çıxış edir”, - deyə o diqqətə çatdırıb. 

Qeyd edək ki, aprelin 12-də TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qəbul edilən qərara əsasən Assambleyada sədrlik Azərbaycandan Qazaxıstana keçib. Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.

Töhfə Səməd

tag: TÜRKPA,Sədrlik,Azərbaycan,Qazaxıstan,todaypress.tv,

photo