Ekspert: "Türkiyə milli maraqlarına uyğun mövqe tutacaq"

Təhlil

14.06.2025 12:39

"Türkiyənin İsrail-İran eskalasiyasına daxil olması gözlənilən deyil".

Politoloq Sultan Zahidov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O vurğulayıb ki, Türkiyə Yaxın və Orta Şərq regionunda, xüsusilə də İsrail Qəzzaya qarşı əməliyyatlara başlayandan sonra İsraili ən çox tənqid edən dövlətlərdən biri olub:

"Dəfələrlə İsrailə qarşı sanksiyalara çağırıb. Lakin Türkiyənin İsrail-İran eskalasiyasına bu və ya digər şəkildə daxil olmasını gözləmirəm. Türkiyə hər şeydən öncə milli maraqlarına xidmət edən siyasət yürüdür. Bu eskalasiyanın ortasında qalmağın Türkiyənin milli maraqlarına uyğun olacağını düşünmürəm. Türkiyə yəqin ki, digər kənar ölkələr kimi kənarda qalacaq və sadəcə eskalasiyanın baş verməməsi üçün çağırışlar həyata keçirəcək. Hətta bu və ya digər şəkildə tərəfləri de-eskalasiyaya çağıracaq".

O, Türkiyə qırıcılarının hücumlardan sonra hava məkanına qalxmasını da şərh edib:

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin ölkənin hava məkanını müdafiə etmək üçün havaya qalxması instinktik addımdır. Türkiyə bununla göstərməyə çalışır ki, biz öz hava məkanımızı hər zaman qoruyacağıq. Eskalasiya zamanı müəyyən xaos yaranır. Göndərilən dronlar, yaxud da İsrailin Hərbi Hava qüvvələrinin təyyarələri səhvən Türkiyə və ya digər istiqamətlərə daxil ola bilər. İstənilən halda Türkiyə öz mövqeyini ortaya qoyub ki, bu prosesdə iştirakçı olmasam da, öz milli maraqlarımı, təhlükəsizliyimi, eyni zamanda regondakı maraqlarımı qorumaqda hazıram".

Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ölkənin hava məkanını müdafiə etmək üçün havaya qalxıb.

Qiymət Mahir

tag: Sultan Zahidov,Politoloq,İsrail,İran,Türkiyə,Todaypress.tv,

photo