Paşinyanın “növbətçi” Moskva səfəri: Kremlin qapısı bu dəfə niyə döyüldü?

Təhlil

24.07.2025 11:00

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri daha çox zərurətdən doğan bir addım kimi qiymətləndirilməlidir”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu səfər Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətli proseslərin fonunda baş tutur və təkcə İrəvan-Moskva münasibətlərində deyil, bütövlükdə regional balansda da ciddi maraq doğurur.       

“Son illərdə Paşinyanın Rusiyaya qarşı sərt addımları, o cümlədən rus dilinin təqibi, Kremlə yaxın kadrların vəzifələrdən uzaqlaşdırılması, həmçinin Ermənistanın Rusiya rəhbərliyi altında fəaliyyət göstərən hərbi-siyasi və iqtisadi strukturlardan uzaqlaşması, iki ölkə arasında münasibətləri ciddi şəkildə sarsıdıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan münasibəti də bu kursun göstəricisidir. Rəsmi İrəvan nə təşkilatın iclaslarına qatılır, nə də üzvlük haqlarını ödəyir. Faktiki olaraq Ermənistanın KTMT-dəki iştirakı dondurulmuş vəziyyətdədir. Bu şəraitdə Paşinyanın Moskvaya səfəri, tərəflər arasında hansısa yeni razılaşmaların gündəmə gətiriləcəyi, ya da münasibətlərin əvvəlki vəziyyətə qaytarılması üçün vasitələrin araşdırılacağı ehtimalını aşağı salır”.  

Analitik Azərbaycan-Rusiya münasibətlərində son aylarda yaranan gərginliyi də xatırladaraq, bunun kontekstdən kənar olmadığını diqqətə çatdırıb. Xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra yaşanan diplomatik soyuqluq və rus bloqerlərin Azərbaycana qarşı aqressiv çıxışları, Ermənistan daxilində Rusiya ilə Bakı arasında yaranmış bu gərginlikdən istifadə edib Moskva ilə yaxınlaşmaq üçün fürsət axtarışlarını stimullaşdırır.  

O bildirib ki, erməni ekspertlərinin bir qismi də hesab edir ki, Rusiya ilə münasibətlərin düzəlməsi üçün Paşinyan administrasiyası yeni təkliflərlə Kremlin qapısını döyə bilər. Lakin burada vacib amillərdən biri də Rusiya daxilindəki erməni diasporu və Erməni Apostol Kilsəsinin mövqeyidir. Paşinyanın kilsə ilə olan açıq qarşıdurması və Rusiya kilsə dairələrinin buna reaksiyası, Moskvanın rəsmi İrəvana münasibətini daha da mürəkkəbləşdirə bilər.    

Politoloqun qənaətincə, bu məsələdə də Paşinyan Moskva tərəfinin konkret mövqeyini öyrənmək istəyəcək. 

“Bununla belə, Ermənistan-Rusiya münasibətlərinin əvvəlki strateji səviyyəyə qayıdacağı inandırıcı görünmür. Paşinyanın Moskva səfərini “növbətçi” səfər adlandırmaq yerinə düşər. Çünki bu təşəbbüs daha çox daxili və xarici təzyiqlərin balanslaşdırılması üçün atılmış addımdır, nəinki real strateji dönüşün başlanğıcı”, - deyə o öz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya səfər edəcək.

Töhfə Səməd

tag: İlyas Hüseynov,Politoloq,Paşinyan,Rusiya,Todaypress.tv,

photo