Trampın Rusiyaya “kağız pələng” mesajı: Ukrayna dönüş nöqtəsinə yaxınlaşır...
Təhlil
24.09.2025 16:30
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən “Truth Social” hesabında bildirib ki, Ukrayna NATO və Avropa İttifaqının dəstəyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytara bilər.
ABŞ prezidenti qeyd edib ki, Rusiya böyük iqtisadi çətinliklərlə üz-üzədir, resurslarının çoxu müharibəyə xərclənir. Ukrayna isə yüksək əhval-ruhiyyəyə malikdir və getdikcə güclənir. Rusiya üç il yarımdır mənasız müharibə aparır, amma bu, onun nüfuzunu artırmır, əksinə onu “kağız pələng”ə çevirir.
Amerika liderinin bu fikirlərini TodayPress TV-yə politoloq Tofiq Abbasov şərh edib.
O vurğulayıb ki, Ukrayna ətrafında formalaşan vəziyyət olduqca mürəkkəb və dəyişkəndir.
“Ukrayna böhranı, çox dəyişkən bir hava şəraitini xatırladır. Proseslər geniş siyasi və geosiyasi sirkulyasiyalara malikdir. Prezident Zelenski isə bu mürəkkəb şəraitdə həm Rusiyanın, həm də digər ölkələrin təxribatlarından istifadə etməyə çalışır, lakin Ukraynanın vəziyyəti getdikcə pisləşir və yaxın gələcəkdə kritik həddə çata bilər,” – deyə o bildirib.
Analitik bildirib ki, Ukraynada demoqrafik böhran yaşanır, əsasən gənc kişilər ölkəni tərk edib. Avropa İttifaqı isə 18-20 yaşlı gənclərin müvəqqəti olaraq Avropa ölkələrinə qəbuluna icazə verib ki, bu da onların Rusiya ilə müharibəyə hazırlıq işlərinə xidmət edə bilər.
T.Abbasov hesab edir ki, Ukraynanın strateji imkanları Rusiyadan fərqlidir; Rusiyanın resursları və demoqrafiyası Ukraynaya nisbətən daha genişdir. Ukraynada maliyyə imkanları məhduddur. Amerikanın və Avropa İttifaqının vəd etdiyi dəstək hələlik real kömək şəklində görünmür. Trampın Ukraynaya verdiyi vədlər də əsasən sözlü xarakter daşıyır. Bu baxımdan, Zelenskiyə verilən mesajların reallığı ilə bağlı ciddi suallar var.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,ABŞ,Rusiya,Todaypress.tv,
