Tramp–Merts görüşü: Oval ofisdə növbəti “sındırma” anı?

Təhlil

04.06.2025 18:30

“Dünya mediası Almaniya kansleri Fridrix Merts ilə ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüşü narahatlıqla izləyir. Bu ehtiyatlı yanaşmanın səbəbi təkcə iki güc mərkəzinin liderinin görüşü deyil – əsas məsələ Trampın son aylarda diplomatik görüşləri siyasi nümayişə çevirməsi, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenski və Cənubi Afrika prezidenti Siril Ramafoza ilə yaşanmış təcrübələrdir”.  

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, Trampın liderlərlə görüş zamanı davranışından bəhs edib:

“Tramp hər belə görüşdən sonra təxminən 15 dəqiqəlik xüsusi montaj edilmiş kliplər hazırlatdırır, burada qarşısındakı lider ya zəif, ya da təsirsiz mövqedə təqdim olunur. Artıq mediada səsləndirilir ki, Oval ofisdəki növbəti “hədəf” Fridrix Merts olacaq. Əslində, vəziyyətin kökündə NATO daxilində və Ukrayna məsələsində artan fikir ayrılıqları dayanır. Bu isə görüşə gələn lider üçün artıq sadəcə ikitərəfli dialoq deyil, ictimai sınağa çevrilir”.

Analitik qeyd edib ki, alman müxalifəti də Mertsin bu görüşdən zəif çıxacağından ehtiyatlanır:  

“Onların fikrincə, Merts görüşə qədər cəsarətli və iddialı bəyanatlar versə də, Oval ofisdə Trampın qarşısında “diz çökəcək”. Bəs Tramp niyə görüşdüyü insanları kameralar önündə "sındırır"? Cavab aydındır: çünki bu ölkələrlə ciddi problemlər yaşanır. Ukrayna ilə bağlı siyasət, Avropa ölkələrinin silahlanma tempinin artması Vaşinqtonda narazılıq doğurur. Görünən odur ki, əksər liderlər üçün Trampla görüş getdikcə işgəncəyə çevrilir. Bu dəfə də istisna olmayacaq”.     

Qeyd edək ki, iyunun 5-də Almaniya kansleri Fridix Merts və ABŞ lideri Donald Trampın görüşü nəzərdə tutulub.

Qiymət Mahir

tag: Təhlil,Əziz Əlibəyli,Fridix Merts,Donald Tramp,todaypress.tv,

photo