Tramp-Ərdoğan görüşü: Türkiyə Rusiyadan neft-qaz alışını dayandıracaqmı?

Təhlil

26.09.2025 17:05

“ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşünü iki dövlət arasındakı yeni mərhələnin başlanması kimi qiymətləndirmək olar”.

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, tərəflər Yaxın Şərqdə, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada koordinasiyalı siyasət həyata keçirir. Üstəlik, ikitərəfli ticarət müqavilələri mövcuddur. Lakin Trampın Ərdoğandan Rusiya nefti və qaz alışını dayandırmasını istəməsi Türkiyəni çətin vəziyyətə salır.

“Türkiyə müstəqil dövlətdir və Yaxın, Orta Şərqdə öz müstəqil gündəmini qoruyub saxlayır. Buna baxmayaraq, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi, o cümlədən neft və qaz alışının dayandırılması Türkiyə iqtisadiyyatına ciddi təsir göstərə bilər”, - deyə analitik açıqlayıb.

Siyasi şərhçi hesab edir ki, Ağ Ev liderinin dedikləri başa düşüləndir və bu, Rusiyaya qarşı sanksiyaların genişlənməsi deməkdir. Onun fikrincə, Türkiyə Rusiyadan neft və qaz alışı dayandırsa, bu, nəinki Rusiyaya, ümumiyyətlə, Avropa siyasətinə ciddi təsir göstərməyəcək. Lakin Türkiyə ilə Rusiya arasında böyük qarşıdurma yarana bilər. Çünki Ankara indiyə kimi çalışıb ki, Moskva ilə balanslaşdırılmış və orta mövqeyi saxlasın.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə görüşü zamanı bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmasını istədiyini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Türkiyə,ABŞ,Todaypress.tv,

photo