Rusiya kəşfiyyatından təxribat: “Alp dezinformasiyası” nə məqsədlə tirajlanıb?
Təhlil
31.07.2025 17:31
“Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəzlənməsi ilə bağlı yayılan məlumatlar Rusiya Xarici Kəşfiyyat Xidmətinin növbəti informasiya təxribat əməliyyatlarının tərkib hissəsidir”.
Politoloq Zaur İbrahimli bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) iddia etdiyi “Alplarda keçirilən gizli görüşdə Ukrayna Prezidentinin dəyişdirilməsi məsələsinin aktuallaşması” xəbərini TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Zelenskinin korrupsiya ilə mübarizə aparan qurumların hüquqi statusunu dəyişmək təşəbbüslərindən sonra cəmiyyətdə gərginlik müşahidə olunub. Bu da ona olan ictimai etimadı gündəmə gətirib. Rəy sorğularına görə, Zelenskinin reytinqi 25 faizi keçmir və görünür, Rusiya bu informasiya fonundan yararlanaraq belə bir “kəşfiyyat məlumatı” yayıb.
“Ukrayna rəhbərliyinə yaxın şirkətlərin korrupsiya qalmaqallarında adının hallanması Qərbdə birmənalı qarşılanmır. Nəzərə alsaq ki, Ukraynaya 100 milyardlarla dollar yardım göstərilir, bu vəsaitin şəffaf xərclənməsi Qərbin əsas tələblərindən biridir”, - deyə politoloq qeyd edib.
Analitikin sözlərinə görə, hazırda Rusiya hücumlarını daha da şiddətləndirib, paralel olaraq ABŞ-nin də Ukraynaya dair strategiyası dəyişir.
“Trampın Ukrayna prezidenti ilə şəxsi təmaslara başlaması fonunda Zelenskinin əvəzlənməsi real görünmür”.
Politoloqun fikrincə, ən kritik anlarda belə qətiyyət nümayiş etdirən Zelenski ilə Qərbin əməkdaşlığı yaxın perspektivdə davam edəcək.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı (SVR) məlumata görə, ABŞ və Böyük Britaniya Ukrayna prezidenti Volodimir Zelenskini əvəzləmək məqsədilə İsveçrənin Alp dağlarında gizli görüş təşkil ediblər. İddialara görə, toplantıda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və Ukraynanın sabiq silahlı qüvvələr baş komandanı, hazırda Londonda səfir olan Valeri Zalujnı iştirak ediblər. Xəbər rəsmi təsdiqlənməyib.
Aysel Mətləb
tag: Zaur İbrahimli,Politoloq,Ukrayna,Alp görüşü,Todaypress.tv,
