Rus elitasının yeni xülyası: “Zaxarova oyuna Azərbaycanı da daxil etmək istəyir”
Təhlil
02.08.2025 11:30
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO Cənubi Qafqazda mövcudluğunu gücləndirmək cəhdlərini davam etdirir. Zaxarovanın sözlərinə görə, NATO-nun hərəkətləri region ölkələrinin resurslarından və potensialından kollektiv Qərbin maraqları naminə, xüsusən də Rusiya ilə mövcud geosiyasi qarşıdurma fonunda istifadəyə yönəlib:
“Onlara postsovet məkanında bərabərhüquqlu münasibətlər lazım deyil. Onlar resursları götürməli, ölkələri bir-birinə qarşı qoymalı və özlərini tipik müstəmləkəçilər, imperialistlər kimi aparmalıdırlar. Ümid edirik ki, region ölkələri, o cümlədən Ermənistan və Azərbaycan NATO ilə qarşılıqlı əlaqələrin dərinləşməsi risqlərini dərk edirlər”.
Zaxarova bu məsələdə niyə Azərbaycanın adını çəkir? Gürcüstanda keçirilən NATO təlimlərinə Ermənistan qatılıb, Azərbaycan isə yox. Həmçinin, Ermənistan hər il ABŞ ilə hərbi təlimlər keçirir.
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Zeynal Əmrəliyevin qənaətincə, Rusiya Azərbaycanı müxtəlif məsələlərdə ittiham etmək üçün bəhanələr axtarır:
“Zaxarova bu dəfə də Ermənistanın atdığı addımlara Azərbaycanı da şərik etməyə çalışaraq, məsələni fərqli istiqamətə yönəltmək istəyir. Tamamilə əsassız şəkildə Ermənistanın Qərblə münasibətlərinə Azərbaycanı da daxil edib. Guya Azərbaycan da Ermənistanla birlikdə NATO ilə təlimlər keçirir. Bu iddianın heç bir əsası yoxdur. Azərbaycan müstəqil siyasət yürüdən suveren dövlətdir.”
Ekspert vurğulayıb ki, Zaxarovanın bu açıqlaması hətta Ermənistanda da çaşqınlıq yaradıb. Bu isə Rusiya hakim dairələrinin nə qədər qərəzli və reallıqdan uzaq bir mövqe sərgilədiyini göstərir. Rusiya diplomatiyasının aparıcı simalarından birinin bu cür əsassız və məntiqsiz fikirlər səsləndirməsi, rəsmi Moskvanın Bakı ilə münasibətlərdə nə qədər zəiflədiyini açıq şəkildə göstərir.
Zeynal Əmrəliyev əlavə edib ki, Azərbaycanın NATO-ya üzv olmaq kimi bir planı yoxdur:
“Rəsmi Bakı ilə NATO arasında müəyyən əməkdaşlıqlar mövcuddur. Azərbaycan beynəlxalq təhlükəsizlik və sülhün qorunması məqsədilə dünyanın müxtəlif qaynar nöqtələrində NATO ilə birgə fəaliyyət göstərib. Maraqlıdır ki, bu proseslərdə zaman-zaman Rusiya da NATO-nun təşəbbüslərinə dəstək verib. Bütün bu faktlar fonunda aydındır ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın NATO-ya üzv olmaq kimi planı yoxdur. Zaxarovanın açıqlamaları həm Azərbaycan-Rusiya münasibətlərinə, həm də beynəlxalq hüququn əsas prinsiplərinə ziddir”.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Azərbaycan,NATO,Todaypress.tv,
