Regionda sabitlik adası: AZƏRBAYCAN!

Təhlil

25.06.2025 17:52

“Azərbaycan sabitlik adası olsa da, regionda, ümumiyyətlə dünya üzərində eyni sabitliklər müşahidə olunmur”.  

Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə açıqlamasında bildirib.    

O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı yalnız enerji təhlükəsizliyi deyil, həm də regional və qlobal təhlükəsizlik məsələlərinə toxunub.   

“Prezident bildirdi ki, bu gün Azərbaycanda sülh tam təmin olunub və artıq beş ildir ki, ölkədə bu şəraitdə yaşayırıq. 

Azərbaycan sabitlik adasıdır. Bu gün ölkəmiz inkişaf nümunəsi kimi tanınır. Biz bu uğurları öz gücümüz, düşüncəmiz və düzgün siyasətimizlə əldə etmişik. Təəssüf ki, Azərbaycanın sərhədlərindən kənardakı vəziyyət eyni dərəcədə sabit deyil. Regionda, o cümlədən Azərbaycanın yerləşdiyi coğrafiyada ciddi siyasi və hərbi gərginlik müşahidə olunur. Qonşuluğumuzda baş verən hadisələr bunu bir daha sübut edir”.

Millət vəkilinin sözlərinə görə, bu səbəbdən Azərbaycan hər zaman dünya və region miqyasında sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olub. 

“Biz problemləri diplomatiya və dialoqla həll etməyə üstünlük veririk, gücdən istifadənin qarşısını almağa çalışırıq, beynəlxalq hüququn prinsiplərinə sadiq qalırıq. Bu, bizim siyasətimizin əsas fəlsəfəsidir”, - deyə o əlavə edib.

Parlamentari vurğulayıb ki, Azərbaycan bu siyasəti real addımlarla dəstəkləyir və bununla beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizəyə də töhfə verir. O diqqətə çatdırıb ki, Azərbaycan multikultural dəyərləri ixrac edən ölkədir və burada müxtəlif dinlərə və etnik kimliklərə malik insanlar bir ailə kimi birlikdə yaşayırlar.

“Dünya mürəkkəb və qeyri-sabit bir mərhələyə daxil olub. Beynəlxalq hüququn işləmədiyi bir dövrdə bu hüququn müdafiəsi əsas hədəflərdən biri olmalıdır. Azərbaycan bu sahədə model dövlət kimi tanınır” - deyə Elman Nəsirov nitqini sonlandırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Onlardan biri də Azərbaycanın öz gücü hesabına sülh və əmin-amanlığını təmin etməsi olub.   

“Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq”, - deyə ölkə başçısı bildirib. 

Töhfə Səməd

tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Region,Todaypress.tv,

photo