Nyu-York toplantısı Fələstinə nə vəd edir?

Təhlil

24.09.2025 12:40

Nyu-Yorkda Fələstin üzrə beynəlxalq konfrans öz işinə başlayıb.

Politoloq Abutalıb Səmədov  sözügedən konfransı TodayPress TV-yə şərh edərkən bildirib ki, bu, Fələstinə ciddi heç nə vəd etmir, sadəcə olaraq Fələstin dövlətinin yaranmasının vacibliyini dərk edəcək ölkələrin sayının artmasına xidmət edir.

Onlar başa düşürlər ki, BMT Təhlükəsizlik Şurasının iki dövlət barədə qərarı icra olunmalıdır.

“Fələstini dövlət kimi tanıyan ölkələr artır”

Analitik vurğulayıb ki, hazırda BMT-yə üzv olan 193 dövlətdən 150-dən çoxu artıq Fələstini dövlət kimi tanıyıb və bu da kifayət qədər ciddi rəqəmdir. 

“Lakin nəzərə almaq lazımdır ki, ABŞ bu tanımaların əleyhinədir və Fransanın, Böyük Britaniyanın, eləcə də digər Avropa ölkələrinin Fələstini tanımasını dolayısı ilə HƏMAS-a dəstək kimi qiymətləndirir. Bu səbəbdən Avropa ölkələri ABŞ-nin iradəsinə qarşı çıxmaqda hər zaman ehtiyatlı davranıblar və bu tendensiya bu gün də davam edir”.

“Yaxın Şərqdə qanlı toqquşmaların qarşısı alına bilər”

O hesab edir ki, yaxın illərdə Fələstini dövlət kimi tanıyan ölkələrin sayı daha da artacaq. Bu, həmçinin Fələstin dövlətinin yaradılması və onun ərazisinin rəsmiləşdirilməsi baxımından mühüm mərhələ ola bilər. 

“Ərazinin harada yerləşdiyi məlumdur, lakin İsrail həmin ərazidə Fələstin dövlətinin yaranmasına imkan vermir. İsrailin buna qarşı qəti mövqeyi isə onu dünya birliyinə qarşı qoyur. 

Əgər mövcud vəziyyət bu şəkildə davam edərsə, dünya birliyi Fələstin dövlətinin yaradılmasına və nəticə etibarilə Yaxın Şərqdə terrorun, qanlı toqquşmaların və insan itkilərinin qarşısının alınmasına nail ola bilər”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Nyu-York,Fələstin,Todaypress.tv,

photo