“Başqa yol yox idi…" – Paşinyanın etirafı bizə nə deyir?

Təhlil

15.09.2025 16:35

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb".

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

"Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında - red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib.


Azərbaycan Paşinyanın bu etirafını necə qiymətləndirməlidir? Bu, onun daxili və xarici siyasətdə özünü sığortalamaq cəhdi ola bilərmi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Azər Qasımovun qənaətincə, Paşinyanın bu etirafı ilk növbədə Azərbaycanın gücünün təsdiqi olmaqla yanaşı, erməni cəmiyyətinə də açıq mesajdır: Ermənistanın ərazi bütövlüyü real təhlükə altında olub.


Yəni Paşinyan bunu məcburiyyət qarşısında edib. Əslində, bu açıqlama sağlam düşüncənin məntiqinə uyğun görünsə də, erməni siyasətinə xas olan ikili yanaşmanı bir daha üzə çıxarır. Belə nəticə hasil olur ki, Paşinyan məcbur edilməsəydi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınacaqdı.

Analitikə görə, bu, Paşinyanın uğursuz açıqlamasıdır. 

O, məsələni bu cür izah edib:

"Belə yanaşma gələcəkdə məcburiyyət olmadığı halda onun, yaxud başqa bir erməni siyasi fiqurunun Azərbaycanın ərazi bütövlüyünü yenidən şübhə altına almasına zəmin yaradır. Aydın görünür ki, Paşinyana qarşı daxili və xarici təzyiqlər o qədər güclüdür ki, o, revanşist ritorika ilə danışmağa məcbur qalır.

Azərbaycan isə bu açıqlamadan öz nəticəsini çıxarır: Ermənistan daim güclü qonşusunun varlığını hiss etməli və hər zaman xatırlamalıdır ki, revanşist düşüncəyə qapılmaq onun üçün faciəvi nəticələr doğura bilər. Azərbaycanın gücü həm bu gün, həm də gələcəkdə Ermənistanın gerçək siyasi gündəmini müəyyən edən əsas amildir".

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Paşinyan,Müsahibə,TodayPress.tv,