Prezidentin Cəbrayıl–Zəngilan səfəri: Yeni mərhələ başlayır

Təhlil

29.10.2025 12:58

“Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni təməlqoyma mərasimləri ilə yanaşı, Ermənistanın 27 illik işğalı nəticəsində uzun illər ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərə mənzillərin açarlarının təqdim olunması mühüm tarixi hadisədir”.


TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma siyasəti nəticəsində Şərqi Zəngəzur regionun mühüm nəqliyyat habına çevrilir:

“Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər yekunlaşmaq üzrədir. Uzunluğu 140,6 kilometr olan Horadiz–Ağbənd dəmir yolu xətti gələn il istifadəyə veriləcək. Həmçinin 124 kilometr uzunluğundakı Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir. Dəhlizin Ermənistan hissəsində planlaşdırılan işləri də nəzərə alsaq, 2028-ci ildə Zəngəzur dəhlizinin tam şəkildə istifadəyə verilməsi gözlənilir. Bu, Orta Dəhlizin regional imkanlarını genişləndirəcək və Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək”.


Vüqar Bayramov bildirib ki, Şərqi Zəngəzur yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi və sosial inkişaf potensialı ilə seçilir:

“Region turizm, sənaye və aqrar sektor baxımından böyük imkanlara malikdir. Prezidentin Zəfərdən sonrakı beş il ərzində işğaldan azad edilmiş ərazilərə səfərləri, verdiyi tapşırıqlar əsasında infrastrukturun qurulması və yeni iş yerlərinin yaradılması Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir”.

Parlamentari qeyd edib ki, ilkin qiymətləndirmələrə əsasən, işğaldan azad olunmuş ərazilərin yeni dəyər yaratma potensialı Azərbaycan iqtisadiyyatının təxminən 10 faizinə bərabərdir:


“Bu o deməkdir ki, bərpa və yenidənqurma prosesi başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzurda 12 milyard manatdan artıq yeni dəyər formalaşacaq. Bu, bölgələrin Azərbaycan iqtisadiyyatına uğurlu reinteqrasiyasını təmin etməklə yanaşı, iqtisadi artımın dayanıqlığına da ciddi töhfə verəcək”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Prezident,Cəbrayıl–Zəngilan,Todaypress.tv,