Politoloq: “Ermənistanda sülh pozularsa...”

Təhlil

11.09.2025 13:58

“Cənubi Qafqazda sülhü bərqərar etmə prosesinin qarşısında duran ən böyük əngəllərdən biri Ermənistanın milli dövlətçiliyinin və müstəqilliyinin qeyri-sabit olmasıdır”.

Politoloq Telman Nüsrətoğlu bunu TodayPress TV-yə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına mane olan başlıca səbəblərdən biri Ermənistandakı daxili siyasi vəziyyət və xarici güc amillərinin kilsə üzərindən daxilə nüfuz etməsidir:

“Bəzi imperialist dairələr bölgəyə sülhün gəlməsini istəmirlər. Bu, təkcə hansısa xüsusi xidmət orqanlarının, diaspora qruplarının, kilsənin həyata keçirdiyi lokal fəaliyyət deyil. Burada həm xarici, həm də daxili siyasi maraqlar üst-üstə düşür”.

Analitikin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan mesajı ilə göstərir ki, sülhü pozmaq hansısa xarici dairələrin maraqlarına xidmət edə bilər, lakin bu, heç bir halda Ermənistanın milli maraqları ilə üst-üstə düşmür. Əksinə, sülhün pozulması bütövlükdə erməni xalqını daha böyük kataklizmlərə sürükləyə bilər.

“Hazırkı şəraitdə Ermənistan dövlətçiliyinin Cənubi Qafqazda mövcudluğu, inkişafı və iqtisadi təzyiqlərdən xilas olması yalnız Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması ilə mümkündür. Bu, Paşinyanın da dərk etdiyi praqmatik zərurətdir. Bunun alternativi Ermənistan dövlətçiliyinin daha böyük fəlakətlərlə üz-üzə qalması deməkdir. Paşinyan bu yanaşma ilə həm daxildəki radikal qüvvələrə, həm də xarici təsir mərkəzlərinə mesaj verir”, - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib:

“Deklarasiya mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”.

Aysel Mətləb

TodayPress TV

tag: Telman Nüsrətoğlu,Politoloq,İrəvan,Sülh,Fəlakət,Todaypress.tv,

photo