MDB iclası: Regional şahmat taxtasında Azərbaycandan sakit və həlledici gediş...

Təhlil

31.10.2025 16:09

Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iclası keçirilir. Toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, eləcə də Şuranın katibi iştirak edir. Görüşün yekununda 2026-cı il üçün birgə fəaliyyət planının və hərbi əməkdaşlığın inkişafına dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Maraqlıdır, bu iclas regionda hərbi əməkdaşlığın gələcək istiqamətlərinə hansı təsiri göstərə bilər?    

Məsələ ilə bağlı TodayPress TV -yə danışan politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan MDB-də fəal və balanslı siyasət aparır:

"Müstəqil Dövlətlər Birliyi bir siyasi platformadır. Bu platformaya daxil olan dövlətlərlə Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan Orta Asiya respublikaları ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq münasibətlərinə malikdir. MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə, xüsusilə də Belarusla sıx əlaqələrimiz mövcuddur.

Rusiya ilə 2022-ci ilin fevral ayında 43 maddədən ibarət dostluq və əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Bu da göstərir ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq istiqamətində ardıcıl siyasət yürüdür. MDB siyasi platforma kimi keçirilən bütün tədbirlərdə Azərbaycanın fəal iştirakı ilə seçilir".

Ekspert Azərbaycanın regional hərbi-iqtisadi bloklardan uzaq dayandığını vurğulayıb: 

"Siyasi platformadan kənar olaraq, birliyin hərbi komponenti – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da mövcuddur. Azərbaycan bu təşkilatda iştirak etmir. MDB-nin iqtisadi platforması olan Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyində də Azərbaycan yer almır. Bu, o dövrdə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi ilə bağlı idi. Belə şəraitdə Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıq və ya KTMT çərçivəsində birgə fəaliyyət qeyri-mümkün idi".

Analitik əlavə edib ki, Azərbaycan müharibədən sonra bölgədə sabitlik yaradıb: 

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure şəkildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mərhələdən sonra Azərbaycanın xarici siyasətində geniş vektorlu, çoxşaxəli kurs həyata keçirilməkdədir. Azərbaycan təhlükəsizliyini təmin etmək, müxtəlif siyasi və iqtisadi platformalarda əməkdaşlığı gücləndirməkdə maraqlıdır və bunu ardıcıl şəkildə həyata keçirir.

MDB Müdafiə Nazirləri Şurasının müntəzəm toplantıları da bu dövlətlərin siyasi və hərbi-siyasi əməkdaşlığını gücləndirməyə yönəlib. Siyasət faktiki olaraq iqtisadi və təhlükəsizlik sahələrində də əməkdaşlıqda özünü göstərir.

Azərbaycan MDB çərçivəsində təhlükəsizlik məsələlərinə dair bütün platformalarda fəal iştirak edir və bu birliyə üzv dövlətlərlə əməkdaşlığını genişləndirməkdə davam edir. Ümumilikdə, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas tutur və öz ərazisindən üçüncü dövlətlərə qarşı hər hansı fəaliyyətə icazə vermir".   

A.Məsiyev son olaraq qeyd edib ki, ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq sabitlik və əməkdaşlıqda hər zaman maraqlı olub.

Azərbaycan xarici siyasət doktrinasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulmasına üstünlük verir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm regional problemlərin, həm də qlobal səviyyədə məsələlərin həllində fəal iştirak edir və gündəmdə öz prinsipial mövqeyini nümayiş etdirir. MDB çərçivəsində də Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı xüsusi xidmət orqanlarının müntəzəm görüşləri keçirilir. Bu baxımdan, Azərbaycan təhlükəsizliyə dair bütün addımları ardıcıl şəkildə atır və imzaladığı sazişlərə sadiq qalır. 

Jalə Rövşən

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,MDB,İclas,Todaypress.tv,

photo