İşlər niyə ləngiyir? – Azərbaycan-Ermənistan sərhədində gizli qalan düyün…

İşlər niyə ləngiyir? – Azərbaycan-Ermənistan sərhədində gizli qalan düyün…
26.09.2026 15:30 Təhlil

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı proses tam dayanmasa da, praktiki mərhələnin başlaması hələ də sual olaraq qalır. Tərəflər son dövrdə komissiyalar səviyyəsində bir sıra prosedur və texniki məsələləri müzakirə etsələr də, sərhəd xəttinin faktiki delimitasiyası üzrə işlər hələ başlanmayıb. Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın “işlər tezliklə bərpa olunacaq” açıqlaması isə prosesin yenidən gündəmə gəldiyini göstərir. Lakin konkret tarix və məkanın açıqlanmaması, xəritələr, anklavlar, üçsərhəd nöqtəsi və nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlərin açıq qalması delimitasiyanın kifayət qədər mürəkkəb mərhələyə daxil olduğunu göstərir.

Üstəlik, Vaşinqton razılaşmasından sonra Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin gündəmə gəlməsi sərhəd məsələsini nəqliyyat bağlantıları ilə daha sıx əlaqələndirib. Bütün bunlar delimitasiyanın yalnız texniki proses olmadığını, eyni zamanda sülh sazişi, anklavlar, nəqliyyat yolları, İran-Ermənistan sərhədi və Ermənistan daxilindəki siyasi risklərlə birbaşa bağlı olduğunu göstərir. Bəs proses niyə ləngiyir və tərəflərin qarşısında hansı əsas suallar dayanır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Çingiz Şahbazi, əslində, delimitasiya komissiyalarının işinin tam dayanmadığını bildirib:


“2025-ci il yanvarın 16-da elan edilmiş “şimaldan cənuba, Gürcüstan sərhədindən İran sərhədinə qədər” faktiki delimitasiya mərhələsi hələ ki başlamayıb. Amma 2025-ci ilin noyabrında və 2026-cı ilin aprelində komissiyalar görüşüblər və əsasən prosedur və texniki məsələləri müzakirə edərək həll ediblər. 2026-cı il sentyabrın 25-də isə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan ilk dəfə açıq şəkildə “işlər tezliklə bərpa olunacaq” deyib. Amma konkret tarix və məkan göstərməyib. Bütün bunlara rəğmən, bu istiqamətdə işlər ləngiyir. Bunun, əlbəttə ki, müxtəlif səbəbləri var. Əsas səbəb isə, heç şübhəsiz, xəritə problemidir. Ermənistan tərəfi delimitasiyanın hüquqi əsasını 1991-ci il Alma-Ata Bəyannaməsi və sovet dövrünün hüquqi qüvvəyə malik xəritələri ilə əlaqələndirir. Mger Qriqoryan sentyabrın 25-də bildirib ki, hüquqi baxımdan əsas kimi sovet Baş Qərargahının 1974–1978-ci illərdə hazırladığı və 1979-cu ildə yenilənmiş xəritələrini nəzərdə tuturlar”.

Analitik anklavların işi daha çox mürəkkəbləşdirən məsələlərdən biri olduğunu qeyd edib:

“Sentyabrın 25-də Ermənistan mediası Qriqoryanın ofisinə məhz anklavlar məsələsinin necə həll ediləcəyi, ərazi mübadiləsinin aparılıb-aparılmayacağı və komissiyaların bu istiqamətdə qərar qəbul edib-etmədiyi ilə bağlı suallar ünvanlayıb. Qriqoryanın ofisi konkret cavab verməyib, yalnız bildirib ki, məsələ qəbul edilmiş delimitasiya qaydaları çərçivəsində həll olunacaq. Baş nazirin müavininin ofisi, həmçinin bildirib ki, hər iki tərəfin hüquqi əsasları və topoqrafik xəritələri var. Bu baxımdan, əlbəttə ki, bütün bunlar prosesin həssas olduğunu göstərir”.

Çingiz Şahbazinin sözlərinə görə, Şimaldakı başlanğıc nöqtəsi kimi göstərilən Azərbaycan-Ermənistan-Gürcüstan üçsərhəd nöqtəsinin seçilməsi də təsadüfi və sadə məsələ deyil:

“Bu, delimitasiyanın ən mürəkkəb hissələrindən biri kimi qiymətləndirilir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sentyabrda məhz bunu qeyd edib və bu hissəni ən çətin hissə adlandırıb. Tərəflərin asan hissədən yox, məhz çətin hissədən başladıqlarını nəzərə alsaq, ləngimələrə bunların da maneə törətdiyini görmək olar. Bütün bunlar praktiki olaraq prosesə öz təsirini göstərir və prosesi yavaşladan amillərdəndir.

ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmasından sonra Ermənistan ərazisindən keçəcək TRIPP layihəsi gündəmə gəlib. Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sargis Xandanyan sentyabrın 9-da bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsinə başlananda delimitasiyanın ümumi şimal-cənub məntiqindən müəyyən qədər kənara çıxmasını mümkün hesab edir. Məsələn, dəmir yolu, neft və qaz xətlərinin keçəcəyi yerlər əvvəlcədən ayrıca delimitasiya edilə bilər, deyib. Əslində, belə təkliflər və müzakirələr prosesin ardıcıllığını pozur və hesab edirəm ki, bu kimi təkliflərin səsləndirilməsi prosesin işini ləngidir və sairə. Həmçinin hesab etmək olar ki, hadisələr və səslənən bəyanatlar deməyə əsas verir ki, Ermənistanda bununla bağlı vahid mövqe yoxdur və bu sərhəd məsələləri Ermənistanla Azərbaycan arasında sülh prosesinin ən həssas elementlərindən biri kimi Ermənistan hakimiyyətini də ikiyə bölüb”.

Çingiz Şahbazinin qənaətincə ki, Naxçıvanla əlaqə, İranla Ermənistanın sərhədi, gələcək nəqliyyat bağlantıları və sairə — bu məsələlər bir-birinə bağlı olduğu üçün ciddi suallar doğurur və bu istiqamətdə işlər yavaşlamağa məcbur qalır. Bu baxımdan, o hesab edir ki, məsələ mürəkkəbdir, sadə deyil:

“Bu səbəbdən sülh sazişi, sərhəd, anklavlar, nəqliyyat yolları, İran sərhədi və daxili siyasi risklərin bir paket kimi üzərində işləmək və qiymətləndirmək cəhdləri gözlənilir”.

Qiymər Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər