Çinin etibarına ümid varmı? - RƏY
Təhlil
16.04.2026 01:52
“Çinin bu addımları onu birbaşa etibarsız tərəfdaş etmir, amma qlobal etimadı zəiflədir”
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik vurğulayıb ki, Çinin son illərdə qlobal tədarük zəncirlərindəki davranışlarının “etibarsız tərəfdaş” kimi qiymətləndirilməsi seçilən analitik yanaşmadan asılıdır. Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə tibbi ləvazimatların ixracına qoyulan məhdudiyyətlər, kritik materialların tədarükündə selektiv yanaşma və enerji resurslarının prioritetləşdirilməsi beynəlxalq tərəfdaşlarda müəyyən suallar yaradır.
Siyasi şərhçi qeyd edib ki, qloballaşmış iqtisadi sistemdə sabit və proqnozlaşdırıla bilən tədarük zəncirləri əsas prinsip hesab olunur və bu cür addımlar bazar iştirakçıları üçün risk siqnalları kimi qəbul edilir.
“Çinin davranışını yalnız “etibarsızlıq” çərçivəsində izah etmək sadələşdirilmiş yanaşma olardı. Çin kimi böyük iqtisadi güc üçün daxili sabitlik, strateji sahələrin qorunması və resurs təhlükəsizliyi prioritetdir və bu, digər böyük dövlətlərin siyasəti ilə də üst-üstə düşür”, - deyə o izah edib.
R. Bayramovun fikrincə, pandemiya dövründə bir çox ölkələrin də oxşar addımlar atması göstərir ki, böhran şəraitində milli maraqlar qlobal öhdəlikləri üstələyir. Onun sözlərinə görə, Çinin davranışı daha çox geniş geosiyasi rəqabətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Ekspert bildirib ki, əsas məsələ bu siyasətin davamlılığı və miqyasıdır:
“Əgər tədarük zəncirlərində selektiv və qeyri-şəffaf qərarlar sistemli xarakter alarsa, bu, beynəlxalq etimada daha ciddi zərbə vurur və alternativ təchizat mənbələrinin axtarışını sürətləndirir. Bu da uzunmüddətli perspektivdə tədarükün şaxələndirilməsinə və Çinin qlobal iqtisadi rolu üzərində yeni balansın formalaşmasına gətirib çıxarır”.
Politoloq, həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki münaqişələr fonunda Çinin enerji alışlarını davam etdirməsi onun realist güc siyasəti apardığını göstərir. Bu yanaşmanın isə Qərbin təşviq etdiyi açıq bazar prinsipləri ilə müəyyən ziddiyyət təşkil etdiyini bildirib.
Sonda R. Bayramov qeyd edib ki, Çinin addımları onu avtomatik olaraq “etibarsız tərəfdaş” kimi təqdim etməyə əsas verməsə də, beynəlxalq etimad mühitinə mənfi təsir göstərir. Burada əsas problem etibarsızlıqdan çox, proqnozlaşdırılması çətin olan və strateji məqsədlərlə şərtlənən davranış modelidir.
Aysel Mətləb
tag: Çin,Tədarük,İqtisadi,Yaxın Şərq,Enerji,Rəşad Bayramov,TodayPress TV,
