BMT kürsüsündən Xəzər xəbərdarlığı: “Su savaşları” gerçəkləşə bilər...

Təhlil

26.09.2025 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında Xəzər dənizinin su müstəqilliyi ilə bağlı səsləndirdiyi narahatlıqlar region və dünya üçün strateji əhəmiyyət daşıyan məsələləri gündəmə gətirib. 

Prezidentin çıxışı həm ekoloji, həm də geosiyasi baxımdan Xəzərin gələcəyi ilə bağlı qlobal diqqəti cəlb edib.

Bəs görəsən, "Su kimdədirsə, o da öz Mesopotamiyasını quracaq"ifadəsi özünü doğrulda bilərmi?

Deputat Naqif Həmzəyev TodayPress TV-yə açıqlamasında bildirib ki, Xəzər dünyanın ən böyük qapalı su hövzəsi olaraq ciddi ekoloji böhranla üz-üzədir:

“Azərbaycan Prezidentinin BMT-də səsləndirdiyi fikirlər bu problemin həm regional, həm də qlobal əhəmiyyətini ortaya qoyur. Dövlət başçısının 2022-ci ildə Xəzəryanı ölkələrin Zirvə Toplantısında qaldırdığı məsələ bu gün daha da kəskinləşib”.

“Əsas səbəb yalnız iqlim dəyişmələri deyil, insan fəaliyyətidir”

O qeyd edib ki, son 25 ildə Xəzər dənizinin səviyyəsi 1,5–2 metr azalıb:

“Hər il dəniz təxminən 6,5–7 sm enir və bu prosesin getdikcə sürətlənməsi müşahidə olunur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas səbəb yalnız iqlim dəyişmələri deyil, həm də insan fəaliyyətidir. Əsas faktorlar sırasında Volqa, Ural, Kür kimi çaylardan intensiv su götürülməsi, kənd təsərrüfatı üçün suvarma sistemlərinin genişlənməsi, sənaye istehlakının artması və şəhərləşmənin sürətlənməsi göstərilir. Eyni böhran digər Xəzəryanı ölkələrdə də müşahidə olunur. Rusiyada Volqa deltasının quruması, İranda sahilboyu duzlu torpaqların artması, Qazaxıstanda balıq ehtiyatlarının azalması, Türkmənistanda isə su nəqliyyatının çətinləşməsi diqqət çəkir. Cari tendensiyalar davam edərsə, gələcək 30 ildə Xəzərin səviyyəsi əlavə 3–5 metr enə, bəzi sahil şəhərlərinin dənizə çıxışı məhdudlaşa bilər".

Deputat regional su siyasətinin müxtəlif aspektlərinə diqqət çəkib:

"Qısamüddətli tədbirlər sırasında su istifadəsinin səmərəliliyinin artırılması, çirklənmənin azaldılması və elmi araşdırmaların gücləndirilməsi təklif olunur. Uzunmüddətli strategiya isə regional su siyasətinin yenilənməsi, alternativ su mənbələrinin inkişafı, ekoloji bərpa proqramları və iqlim adaptasiya planlarının həyata keçirilməsini zəruri edir".

Parlamentari əlavə edib ki, prezidentin BMT-dəki çıxışı bu problemin yalnız Azərbaycan və xəzəryanı ölkələrin deyil, bütün dünyanın narahat olduğunu göstərir. 

Ekspertə görə, bu böhran beynəlxalq əməkdaşlığın gücünü sınayacaq və həm də innovativ həllərin tapılması üçün bir imkandır:

“Əgər xəzəryanı ölkələr birgə və məqsədyönlü addımlar ata bilsələr, dənizi gələcək nəsillərə qoruyub saxlamaq mümkündür. Vaxt itirmək şansımız yoxdur. Hərəkət vaxtıdır”.

Jalə Rövşən

TodayPress TV

tag: Naqif Həmzəyev,Deputat,BMT,Xəzər,Todaypress.tv,

photo