Bir ayda Təhlükəsizlik Şurasının 5-ci iclası: İrəvanda SEÇKİÖNCƏSİ TƏŞVİŞ
Təhlil
18.03.2026 21:10
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 17-si Yaxın Şərqdəki müharibə fonunda Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və digər vəzifəli şəxslər iştirak ediblər.
İştirakçılar regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu, Ermənistan Təhlükəsizlik Şurasının bir ay tamam olmamış keçirdiyi beşinci iclasıdır.
Politoliq Aydın Quliyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Ermənistandakı zahiri sakitliyə baxmayaraq, seçkilər ərəfəsində ciddi siyasi proseslər gedir.

Onun sözlərinə görə, Ermənistanın bütün siyasi qüvvələri və ictimaiyyət iyul ayında keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir.
“Siyasi qüvvələr bu seçkilərə hakimiyyət məsələsi kimi baxır, ictimaiyyət isə seçkilərdə hansı qüvvənin hakimiyyətdə olacağı və Ermənistan dövlətinin bundan sonra hansı daxili və xarici siyasət aparacağını səbirsizliklə gözləyir. Cəmiyyət də, siyasi dairələr də hərə öz prinsipləri ilə qarşıdakı seçkilərdə özünün həyat mənafelərini görməkdədir”, - deyə ekspert izah edib.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın hakimiyyət dairələri də bu seçkilərdə böyük geosiyasi maraqlar güdürlər. Ona görə də Kremlin müəyyən qüvvələri Ermənistanda yaydakı seçkilərə hər vasitə ilə müdaxilə etmək imkanlarını götür-qoy edirlər.
A.Quliyev qeyd edib ki, yaxın gələcəkdə proseslər Kremlin hansı müdaxilə vasitələrinə əl atacağını aydınlaşdıracaq:
“Kreml indiyə qədər sınaqdan çıxmış məlum və ənənəvi müdaxilə üsullarından da istifadə edə bilər, Ermənistan şəraitinə uyğun yeni müdaxilə üsulları da kəşf olunaraq tətbiq edilə bilər. Amma bütün hallarda Kreml bu seçkilərin nəticələrini özünün geosiyasi maraqlarına uyğun dəyişdirmək üçün bütün vasitələrə əl atacaq”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətinə dəstək verən Qərb qüvvələri də çox maraqlı bir formada bu seçki ilə əlaqədar öz addımlarını atırlar.
O xatırladıb ki, Avropa İttifaqı Ermənistanda keçiriləcək seçkiləri müdaxilədən qorumaq üçün ölkəyə xüsusi çevik qüvvələr göndərəcək.
Analitikin fikrincə, bu, İttifaqın Rusiyanın seçkilərə müdaxilə cəhdlərinin qarşısını almaq üçün əks gedişidir.
"Bütün bunlar onu göstərir ki, Ermənistanda formal sakitlik görsənsə də, çox böyük siyasi gərginlik var. Təhlükəsizlik Şurasının iclaslarının həm də qapalı və yarı qapalı şəkildə keçirilməsi Ermənistandakı seçkiqabağı siyasi vəziyyətin olduqca gərgin olmağı ilə bağlıdır”, - deyə Quliyev fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Ermənistan,Paşinyan,Seçkilər,Təhlükəsizlik Şurası,Aydın Quliyev,TodayPress TV,
