Bakı səmasında görünən qırıcılar İranı qorxutdu – Donanmanı geri çəkdilər, təyyarələri gizlətdilər
İrandan Bakını necə gördülərsə...
2001-ci ilin iyul ayı Azərbaycanda unudulmayan hadisələr baş verirdi. Xəzərin mavi suları həmişəki kimi qaynayırdı, lakin əvvəlki qədər deyildi, suya ayaq basmaq olmurdu, çox qaynar idi. Azərbaycan BP şirkəti ilə birlikdə Araz-Alov-Şərq yatağında geoloji kəşfiyyat aparırdı. Birdən- birə yaxınlıqda peyda olan İran hərbi gəmisi və iki qırıcısı Azərbaycan tədqiqat gəmisini ərazidən qovdu, hətta Azərbaycan hava məkanını da pozdu. Tehran bununla açıq şəkildə mesaj göndərirdi: “Xəzər mənimdir, siz uzaq durun.” Təəssüf ki, Azərbaycan tək idi, qonşusu ilə gərginlik pik həddə çatmışdı. Xalq narahat idi, dövlət isə səbrlə nəyisə gözləyirdi. Sözgedən günlərdə siyasi gərginliklərlə dolu o qaranlıq fonda, avqustun 24-ü səhər Bakı səması birdən parladı. Türk Hava Qüvvələrinin qüruru – Türk Ulduzları – qardaş ölkəyə enmək əmri almışdı. Səkkiz ədəd NF-5 qırıcısı Azadlıq Meydanının üzərində səmaya qalxdı. Qırmızı və ağ izlər göydə Azərbaycan bayrağının rənglərini çəkirdi.
Uçuşlar o qədər möhtəşəm idi ki, meydanda 1 milyondan artıq insan – Bakının demək olar ki, bütün əhalisi – nəfəslərini belə saxlayaraq izləyirdi.
Bu, o dövr üçün dünya rekorduydu. Hər bir turdan, dövrədən sonra Solotürkün yaydığı mesaj açıq idi: “Qardaşım, tək deyilsən. Türk ulduzları sənin səmanda parlayır.”
Baş verənlər qonşu ölkə üçün sözün əsl mənasında şok idi. İran sərhəddən baxır, Bakı isə coşduqca coşurdu. Uşaqlar əllərində Türk və Azərbaycan bayraqları yelləyir, “Yaşa Türkiyə!” deyib, AZTV ekranlarında kövrələn adamları indi də unutmaq olmur. Türk Ulduzları həmin gün Azərbaycanın qürurunu və gücünü göylərə yazdılar. İranın təhdidləri qarşısında sərgilənən aviaşou, diplomatik dildən daha kəskin cavab idi. Uzun müddətdir səslənən “Bir millət, iki dövlət” prinsipi əməldə təsdiqini tapmışdı.

Son “Ümid”in işığından qurulan Türk dünyası
1990-cı illərin əvvəllərində Naxçıvan faktiki olaraq tam blokada vəziyyətində idi. Ermənistan sərhədləri bağlı, hava əlaqəsi məhdud, ərzaq və yanacaq çatışmazlığı kəskin idi. Bu şəraitdə Heydər Əliyev Naxçıvana rəhbərlik edərkən ən prioritet məsələ Türkiyə ilə birbaşa quru əlaqəsi yaratmaq idi.
Körpü tikilənə qədər 1991-ci ilin oktyabrında müvəqqəti körpü salınmışdı, lakin bu, yalnız minimal keçid üçün kifayət edirdi. Əsas tikinti 1992-ci ilin martından mayına qədər, yəni cəmi 2-3 ay ərzində başa çatdırıldı. Bu, həmin dövr üçün çox yüksək templi iş idi.
Tikinti zamanı resurslar məhdud idi. Hər iki tərəf (Azərbaycan/Naxçıvan və Türkiyə) əlində olan bütün imkanları səfərbər etmişdi. Blokada şəraitində materialların daşınması belə çətinlik yaradırdı.
Körpü yerləşdiyi ərazi tarixən “Boraltan Körpüsü” kimi tanınırdı. 1945-ci ildə burada Sovet İttifaqı ilə Türkiyə arasında gərgin hadisə baş vermişdi: Türkiyədən SSRİ-yə qaytarılan sovet əsirləri (o cümlədən azərbaycanlılar) sərhəddə güllələnmişdi. 1992-ci ildə yeni körpü tikilərkən bu tarixi keçmiş də simvolik məna qazanırdı -“həsrət və ayrılıqdan ümidə keçid”.
Körpünün açılışı isə Ermənistan blokadasına cavab kimi qiymətləndirilirdi və beynəlxalq diqqəti çəkmişdi. Açılış günü Süleyman Dəmirəlin böyük heyətlə gəlişi və Heydər Əliyevin nitqi əsas hadisə idi.
1992-ci il may ayının 28-də Naxçıvan Muxtar Respublikasında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Körpüyə bu adı verən Heydər Əliyevin dediyi kimi: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib".

Ölkənin ən çətin ilinə sığışdırılan “Əsrin Müqaviləsi”
Tarixdən də xatırlayırıq ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zamanı Azərbaycan ağır siyasi və iqtisadi böhran yaşayırdı. Ölkədə müharibə davam edir, iqtisadiyyat çökmüş vəziyyətdə idi, enerji sektoru isə faktiki olaraq dayanmışdı. Xarici neft şirkətləri ilə danışıqlar uzun müddətdir aparılsa da, konkret nəticə əldə olunmurdu. Bu mərhələdən sonra Heydər Əliyev prosesi birbaşa nəzarətə götürdü. Həmin dövrdə SOCAR-ın vitse-prezidenti olan İlham Əliyev də danışıqlarda fəal iştirak edən əsas fiqurlardan biri idi.
1994-cü ilin yaz və yay aylarında İstanbul və Hyustonda keçirilən son danışıqlar mərhələsi olduqca gərgin keçdi. Bir neçə dəfə tərəflər arasında ciddi fikir ayrılıqları yarandı. Ən mühüm mübahisə İran şirkətinə konsorsiumda pay verilməsi məsələsi idi. ABŞ buna sərt etiraz edərək bildirmişdi ki, İran layihədə iştirak edərsə, Amerika şirkətləri konsorsiumu tərk edə və sanksiyalar tətbiq oluna bilər.
20 sentyabr 1994-cü ildə Bakıdakı Gülüstan Sarayında müqavilənin imzalanma mərasimi keçirildi. Müqavilədə yeddi ölkədən on bir böyük şirkət iştirak edirdi. Onların arasında BP, Amoco, LUKoil və Türkiyənin TPAO şirkəti də vardı. Layihənin ilkin dəyəri 7,4 milyard dollar hesablanırdı, lakin sonrakı illərdə investisiya həcmi daha da artdı. Heydər Əliyev bu sazişi “Əsrin Müqaviləsi” adlandıraraq onu Azərbaycanın iqtisadi gələcəyini və siyasi müstəqilliyini təmin edən strateji addım kimi qiymətləndirdi.
Danışıqlar prosesində Heydər Əliyevin siyasi təcrübəsi və güclü yaddaşı xarici tərəfdaşların diqqətini çəkmişdi. Britaniyalı siyasətçilərdən biri onu sonradan “tanıdığı ən böyük dövlət adamlarından biri” kimi xarakterizə etmişdi. Rusiyanın LUKoil şirkətinin layihəyə daxil edilməsi isə Moskvanı prosesdən tam kənarda qoymamaq məqsədi daşıyan taktiki qərar hesab olunurdu.
“Əsrin Müqaviləsi”ndən sonra Azərbaycan onlarla yeni enerji sazişi imzaladı və ölkəyə yüz milyardlarla dollar həcmində investisiya cəlb edildi.

Millətimin imzası var, imzalar içində...
“Əsrin Müqaviləsi”nin imzalanmasından sonra əsas məsələlərdən biri hasil edilən neftin dünya bazarına necə çıxarılması idi. Mövcud Rusiya və İran marşrutları həm siyasi, həm də strateji risklər yaradırdı. Bu səbəbdən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsi gündəmə gəldi. Uzunluğu 1768 kilometr olan bu layihə ilk illərdə bir çox ekspert tərəfindən “reallaşması mümkün olmayan boru xəyalı” kimi qiymətləndirilirdi. Bunun əsas səbəbi yüksək maliyyə dəyəri, mürəkkəb coğrafi şərait və regiondakı geopolitik risklər idi.
Lakin Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ və BP başda olmaqla beynəlxalq enerji şirkətlərinin dəstəyi ilə layihə həyata keçirildi. Tikinti işlərinə 2003-cü ildə başlanıldı. 2005-ci ildə Azərbaycanda, 2006-cı ildə isə Türkiyədə rəsmi açılış mərasimləri keçirildi. İlk neft 28 may 2006-cı ildə Ceyhan limanına çatdı. Layihənin ümumi dəyəri təxminən 4 milyard dollar idi.
BTC kəməri Xəzər neftini Gürcüstan üzərindən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına çıxararaq regionun enerji xəritəsini dəyişdirdi. ABŞ bu layihəni güclü şəkildə dəstəkləyirdi, çünki məqsəd Rusiyanın enerji nəqliyyatındakı dominantlığını zəiflətmək və İran marşrutundan yan keçmək idi. Bu layihə Vaşinqtonun “bir neçə boru xətti” strategiyasının ən böyük uğurlarından biri hesab olunurdu.
Türkiyə üçün BTC layihəsi həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyırdı. Layihə Bosfor boğazındakı tanker yükünü azaltmaqla yanaşı, Şərqi Anadolu bölgəsinin iqtisadi inkişafına da təkan verdi. Tikinti prosesi dağlıq və seysmik ərazilərdən keçdiyi üçün texniki baxımdan olduqca mürəkkəb idi, lakin layihə planlaşdırılan vaxtda tamamlandı.
Açılış mərasimlərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri ilə yanaşı ABŞ rəsmiləri də iştirak edirdi.
Bu gün Bakı–Tbilisi–Ceyhan kəməri Xəzər neftinin əsas ixrac marşrutu olaraq fəaliyyətini davam etdirir və Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ən mühüm sütunlarından biri hesab olunur.

Savaş ruhu elə - belə dirilmir.
27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu uzun illər işğal altında qalan torpaqların azad olunması məqsədilə əks-hücuma başladı. Cəmi 44 gün davam edən müharibə Azərbaycanın hərbi və siyasi tarixində dönüş nöqtəsinə çevrildi. Müharibə nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi və regionda yeni geosiyasi reallıq formalaşdı. Bu qələbədə Türkiyənin verdiyi dəstək xüsusi rol oynadı.
Hələ müharibədən əvvəl Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında birgə hərbi təlimlər keçirilmişdi. Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları isə döyüş əməliyyatlarının gedişində əsas üstünlük amillərindən biri oldu. Bu dronlar Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərini, tanklarını, artilleriya qurğularını və komanda məntəqələrini yüksək dəqiqliklə məhv edirdi. Müharibə dövründə yayılan görüntülər həm informasiya müharibəsində, həm də psixoloji üstünlüyün formalaşmasında mühüm rol oynadı.
Türkiyənin dəstəyi yalnız hərbi texnika ilə məhdudlaşmırdı. Ankara siyasi-diplomatik müstəvidə də Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən etibarən “Azərbaycan tək deyil” mesajını vermiş və beynəlxalq platformalarda Bakının haqlı mövqeyini dəstəkləmişdi. Bu yanaşma “bir millət, iki dövlət” prinsipinin praktik və strateji məzmun qazandığını göstərirdi.
Ankara Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə, Zəngəzur dəhlizi kimi regional layihələrin reallaşmasına və Türk dünyasında siyasi liderlik mövqeyini möhkəmləndirməyə çalışırdı. Azərbaycan üçün isə Türkiyənin hərbi-texnoloji və siyasi dəstəyi qələbənin əldə olunmasında mühüm amilə çevrildi.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla müharibə başa çatdı. Müharibədən sonra da Türkiyə regionda sülhün və təhlükəsizliyin təmin olunması prosesində Azərbaycanın yanında olduğunu bəyan etdi.

Şuşa Bəyannaməsi – Dünyanın eşidəcəyi qədər səs
15 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad olunmuş Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiq Əlaqələr haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə keçdiyini göstərən ən mühüm siyasi aktlardan biri hesab olunur.
Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən faktiki müttəfiqlik mərhələsinə yüksəltdi. Sənəddə hərbi təhlükəsizlik, müdafiə sənayesi, siyasi koordinasiya, enerji əməkdaşlığı, iqtisadi inteqrasiya, təhsil, mədəniyyət və diaspor fəaliyyəti sahələrində birgə fəaliyyət mexanizmləri nəzərdə tutulurdu. Bəyannamənin əsas məqamlarından biri də tərəflərdən birinə təhlükə yaranacağı halda qarşılıqlı məsləhətləşmələrin və müdafiə mexanizmlərinin işə salınmasının vurğulanması idi.
Sənədin məhz Şuşada imzalanması xüsusi simvolik məna daşıyırdı. Şuşa Qarabağın mədəni paytaxtı və 2020-ci il qələbəsinin əsas rəmzlərindən biri hesab olunurdu. Bundan əlavə, Şuşa Bəyannaməsinin Qars Müqaviləsinin 100 illiyinə təsadüf etməsi Azərbaycan-Türkiyə münasibətlərində tarixi davamlılıq ideyasını ön plana çıxarırdı.
Bəyannamənin imzalanması göstərirdi ki, iki dövlət regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırmaq, nəqliyyat və enerji layihələrini genişləndirmək, həmçinin Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik modelini qurmaq istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədir.

Azərbaycan və Türkiyə tarixin bütün dövlərində eyni ritmdə nəfəs alıblar. Hətta SSRİ dövrünün 70 ilinin dəmir pərdəsi də “VEF”-dən gələn, qısa dalğada TRT kabelindən gələn türk qızının “Türkiyənin səsi Radiosu” şüarı insanların qəlbinə nüfuz edirdi.
Azərbaycan özünün dəyişdirilmiş genini və yönünü sanki 70 il qonşuluqdakı qardaşa əmanət edibmiş kimi, 80-lərdə böyük bir milliləşmə ilə özünə dönməyə cəhd edirdi.
Səhifə çevrilmiş, Azərbaycan Sovet oxucusuna tanış olan Yaşar Kamal, Əziz Nesin, Orxan Kamal, Rəşad Nuri Güntəkinin kirill əlifbası ilə uyğunlaşdırılan dili orijinala qayıtmış, nostaljisi o qədər güclü olmuşdu ki, sanki Azərbaycanda yeni bir Türkiyə inşa edilmişdi.
Türkiyə ilə qardaşlığın tarixi sosiologiyası qanla da süslənmişdi. Bakının azad olunması uğrunda şəhid olan türklərin, Çanaqqalada özünü qurban verən azərbaycanlıların izi və qanı var bu torpaqlarda.
Bizimki şəhid qardaşlığıdır. Ən son dəfə Bakı Vətən müharibəsi dövründə bu məsələ ilə bağlı üç vacib mərhələ yaşadı.
Birinci hadisə F-16-larla bağlı yaşanan proses idi: Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev II Qarabağ savaşı zamanı Frans-24 kanalına verdiyi müsahibədə bu təyyarələrlə bağlı demişdi: “Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”.
İkinci mühüm hadisə 2020-ci il Qələbə Paradı idi. İkinci Qarabağ müharibəsində qazanılan böyük qələbə şərəfinə 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında təşkil olunmuşdur. Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan paradda Azərbaycan Prezidenti İlham Əliyev ilə bərabər iştirak edərək iki ölkənin qardaşlıq rəmzinə çevrilmişdilər.
Üçüncü hadisə isə....
Bu olayın rəqəmləri məlum deyil, əlbəttə vacib də deyil. Çünki həqiqətdir və ağırıdıcıdır.
Üzərindən 6 il də keçsə, 60 il də ötsə, soyuq məzar daşları şəhidlərin isti hekayələrini daim daşıyacaqdır.
Aprel döyüşlərində, Vətən müharibəsində və antiterror əməliyyatlarında yüzlərlə xüsusi təyinatlı azərbaycanlı şəhadətə ucalmış oldu.
Onların böyük əksəriyyəti dünyada xüsusi nüfuzu olan türk hərbi məktəblərindən məzun idi və o komutanların öyrəniciləri qəhrəmanlıq salnaməsi yazmaqla iki xalq arasında güclü hərbi ənənəni müasir dövrə, tarixə və gələcəyə daşımış oldular.
Necə demişdi Rəfiq Zəka Xəndan:
İstanbulda bir cocuqla konuşdum,
Elə bildim ki, Xəndanıma qovuşdum.
Adın nədir, soyun nədir — soruşdum,
“Ər oğlu Ərkəm,” — dedi,
“Soyadım Ötkəm,” — dedi.
“Babam türkdür, anam türk,
Türk oğlu türkəm,” — dedi.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı