Azərbaycanın vasitəçilik missiyası: İsrail və Suriya arasında sülh körpüsü yaradıldı - ŞƏRH

Təhlil

11.08.2025 14:45

“Azərbaycan İsrail–Suriya münasibətlərinin normallaşmasında diplomatik platforma rolunu oynaya bilər”. 

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, enerji diplomatiyası və Cənubi Qafqaz üzrə ixtisaslaşan tanınmış ekspert Metyu Brayza bunu TodayPress TV-yə danışarkən deyib.  

Onun sözlərinə görə, Azərbaycan neytral və etibarlı platforma kimi çıxış edərək İsrail və Suriya arasında uzun illərdir davam edən gərgin münasibətlərin yumşaldılmasına töhfə vermək potensialına malikdir.

“Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakıda görüş keçirilib. Görüşün əsas məqsədi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərmək idi. Son dövrlərdə bu münasibətlərin daha da gərginləşdiyi bir şəraitdə Azərbaycan diplomatik dialoq üçün etibarlı meydan təqdim edib”.

Ekspert əlavə edib ki, ABŞ-nin Türkiyədəki səfiri və eyni zamanda Suriyə üzrə xüsusi nümayəndəsi Tomas Barakın həm Zəngəzur dəhlizi, həm də Suriya ilə bağlı məsələlərə artan marağı fonunda Azərbaycanın regional diplomatik roluna olan diqqət də artmaqdadır.

“Səfir T.Barak Azərbaycanın bu məsələlərdə oynaya biləcəyi konstruktiv vasitəçi rolunu yüksək qiymətləndirir. Azərbaycanın həm İsrail, həm də Suriya ilə paralel münasibətlər qurması ona unikal diplomatik imkanlar yaradır”.

O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan artıq Türkiyə üzərindən yeni boru xətti vasitəsilə Suriyaya təbii qaz ixracına başlayıb. Analitikin sözlərinə görə, bu boru xətti Türkiyənin Kilis şəhərindən keçərək Hələb və Homs istiqamətinə uzanır və bu təşəbbüs ABŞ tərəfindən tam şəkildə dəstəklənir.

Qeyd edək ki, avqustun 3-də Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakı şəhərində qapalı formatda görüş keçirilib. Görüş çərçivəsində bir sıra regional məsələlər, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik və Suriya-İsrail münasibətləri müzakirə olunub.

Töhfə Səməd

tag: Metyu Brayza,Səfir,Suriya,İsrail,Todaypress.tv,

photo