ABŞ-Çin gərginliyi bitir: Razılaşma "Orta Dəhliz"ə nə vəd edir?
Təhlil
28.10.2025 16:20
"ABŞ və Çin arasında ticarət müharibəsinin dayandırılması və real iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi təbii ki, təkcə ABŞ və Çin üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün müsbət töhfələr verə bilər. Çünki söhbət dünyanın ən böyük iki iqtisadi gücünün savaşından gedir".
Bu sözləri politoloq Yusif Bağırzadə TodayPress TV-yə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, əldə olunan ilkin razılaşma – çərçivə razılşaması təqdirəlayiqdir. Lakin, bu, hələ ticarət müharibəsinin dayandırılması demək deyil, daha çox gərginliyin azaldılmasına yönəlmiş müzakirələr üçün bir çərçivə sənədi kimi qəbul etmək olar. Bu müzakirələrə tərəflərin ticarət rüsumlarının azaldılması, ABŞ mallarına əlavə rüsumların tətbiqinin dayandırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində dialoqu davam etdirmək barədə məsələlər daxildir.
"Tərəflərin bir-birlərinə qarşı tətbiq etdikləri tariflərin azaldılması, Çinin ABŞ-yə nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətin aradan qaldırılması və s. sahələrlə bağlı razılaşma əldə etmək imkanları var. Münasibətlərdə gərginliyin aradan qalxması həm də“Orta dəhliz” və onun tərkib hissəsi olan “Zəngəzur dəhlizi” ilə bağlı perspektivləri gücləndirir", - deyə analitik vurğulayıb.
O hesab edir ki, Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən “Orta dəhliz” sözsüz ki, loqistika zəncirlərinin güclənməsi və inkişafına böyük töhfə verəcək:
"İndiyə qədər bu dəhlizlə bağlı ən böyük əngəl məhz ABŞ tərəfindən yaradılırdı. Əgər Vaşinqton və Pekin arasında razılaşdırılan çərçivə sazişi iki güc arasında mövcud rəqabəti yumşaldacaq və tərəflər qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçəcəklərsə, o zaman dəhlizin fəaliyyətinə də hər hansı maneə qalmaz. Xüsusilə ABŞ-nin "Zəngəzur dəhlizi" üzərində müəyyən nəzarət imkanları əldə etməsi onun "Orta Dəhliz" boyunca təsir rıçaqlarını da gücləndirir. Bu isə dolayısı ilə Çinlə əlaqəli sahələrdə də müəyyən balans yarada bilər".
Siyasi şərhçi yekun olaraq əlavə edib ki, ABŞ və Çin münasibətlərindən asılı olmayaraq, Azərbaycan öz logistik imkanlarını hər keçən gün daha da genişləndirir.
Qeyd edək ki, ABŞ və Çin ticarət müharibəsi fonunda çərçivə ticarət razılaşmasına nail olublar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün bu xəbər dolayı yolla müsbət təsirə malikdir. Bu, həmçinin Çin və Avropanı birləşdirən Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçən logistika zəncirlərinin güclənməsinə də səbəb ola bilər.
Aysel Mətləb
tag: Yusif Bağırzadə,Politoloq,ABŞ,Çin,Orta dəhliz,Todaypress.tv,
