Həcc ziyarətində olan azərbaycanlılar vətənə necə qayıdacaq? – QMİ AÇIQLADI

Sosial

13.06.2025 17:26

İsrailin İrana zərbə endirməsindən sonra Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda hava məkanlarının bağlanması və aviareyslərin təxirə salınması Həcc mövsümündə ziyarətə gedən minlərlə müsəlmanın təhlükəsizliyi ilə bağlı suallar doğurub. Bu, Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfərinin təhlükəsizliyi və onların geri qayıtması məsələsini də gündəmə gətirib. 

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri TodayPress TV-yə bildirib ki, Həcc ziyarəti çərçivəsində zəvvarlarımızın təhlükəsizliyi tam təmin olunub.

"Bütün hallarda zəvvarlarımız, təhlükəsiz şəkildə və vaxtında vətənə qayıdacaqlar. Vəziyyətlə bağlı hər hansı bir çətinliyimiz yoxdur. Mövcud durum davam edərsə, təyyarələrin marşrutları dəyişdiriləcək və uçuşlar təhlükəsiz hava dəhlizi ilə həyata keçiriləcək", - deyə o əlavə edib. 

Xatırladaq ki, mayın 25-də ilk, 31-də isə axırıncı zəvvar qrupu Həccə yola düşüb. Zəvvarlar iyunun 16-dan 20-nə kimi geri qayıdacaqlar.  

Qeyd ki, İsrail və İran arasında yaranan gərginlik fonunda “Azərbaycan Hava Yolları” aviaşirkəti 13 iyun tarixinə nəzərdə tutulan Bakı – Tehran – Bakı reyslərini ləğv edib. 

Töhfə Səməd

tag: QMİ,Həcc,Ziyarət,İran,İsrail,Zəvvar,Todaypress.tv,