Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı....

Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı....
02.06.2026 16:33 Sosial

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən illər keçsə də, Azərbaycan xalqının çətin gündə göstərdiyi qardaşlıq dəstəyinin unudulmaz və duyğusal izləri hələ də ortaya çıxmağa davam edir. Sosial şəbəkədə paylaşılan növbəti bir video çarx hər kəsin diqqətini çəkib.

TodayPress TV xəbər verir ki, zəlzələ zamanı Azərbaycandan göndərilən qış gödəkçəsinin cibini düz 3 il sonra yoxlayan Türkiyə vətəndaşı ordan bükülmüş kağız parçası tapıb. 

Göyçay şəhərindən olan Azərbaycan vətəndaşı tərəfindən 13 fevral 2023-cü il tarixində yazılan və gödəkçənin cibinə gizlədilən həmin məktubda bu səmimi və ürəkdağlayan sözlər yer alıb:

"Azərbaycan, Göyçay şəhəri. Allah yar və yardımçınız olsun, əziz türk qardaşlarıma. Dualarımız sizinlədir, mənim canlarım. Mən o körpələri gördükcə qəlbim qan ağlayır... Allahım sizə kömək olsun. 13.02.2023".

Videonu çəkən xanım bu qeydin onun üçün dünyalara bərabər bir mənəvi xəzinə olduğunu gizlətmir. O, içindəki duyğuları bu cür ifadə edib:

“Bu mont bizə o çətin günlərdə Azərbaycandan gəlmişdi. İllər sonra cibini yoxlayanda bu məktubu tapdıq. İndi bu yazını yazan o gözəl insan haradadır, nə edir, heç bilmirəm... Amma tək bildiyim odur ki, Allah ondan və bütün Azərbaycandan razı olsun”.

Zəlzələ vaxtı köhnə maşınının damına yorğan-döşək vurub Bakı küçələrində kömək daşıyan Sərvərin fədakarlığı nə idisə, Göyçayda öz gödəkçəsinin cibinə göz yaşını büküb qoyan vətəndaşın da sevgisi eynidir. Bu millət çətin gündə bir-birinin həm üstünü geyindirib, həm də ruhunu isidib. Tarix isə bu cür canlı insanlıq dastanları ilə hər dəfə yenidən yazılır.

Qiymət Mahir


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər