“Yeni dəmir yolu xətti Naxçıvanı izolyasiya şəraitindən çıxaracaq” – Millət vəkili AÇIQLADI

Siyasət

24.07.2025 12:13

“Naxçıvanla Türkiyə arasında qurulması nəzərdə tutulan Qars–Iğdır–Aralık–Dilucu dəmir yolu xətti region üçün tarixi iqtisadi fürsət yaradacaq”. 

Milli Məclisin deputatı Vüqar Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu layihə strateji əhəmiyyət daşıyır və regionun iqtisadi inteqrasiyasını sürətləndirəcək.

“Yeni dəmir yolu xətti Naxçıvan sahibkarlarına və ümumilikdə vətəndaşlara həm Türkiyə, həm də Avropa bazarlarına birbaşa çıxış imkanı yaradacaq. Bu isə Naxçıvanın izolyasiya şəraitindən çıxarılması və regionun logistika imkanlarının artırılması baxımından mühüm addımdır. Bununla yanaşı, Bakı-Tbilisi-Qars xətti artıq fəaliyyət göstərsə də, yeni layihə Naxçıvanın inteqrasiyası üçün daha əlverişli platforma yaradacaq”.

Deputat onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması da paralel şəkildə davam edir və Azərbaycan hissəsində dəmir yolu tikintisinin gələn il tamamlanması planlaşdırılır. Avtomobil yolu üzrə işlər isə artıq yekunlaşmaq üzrədir. Bu isə Zəngəzur dəhlizinin Azərbaycan üzərindən tam şəkildə formalaşmaqda olduğunu göstərir. Həmçinin Naxçıvanla Türkiyə arasında dəmir yolu xəttinin Zəngəzur dəhlizinə inteqrasiyası, layihənin ötürücülük qabiliyyətini və rentabellik səviyyəsini daha da artıracaq. Beləliklə, daha çox ölkənin yüklərinin bu xətt üzərindən daşınması mümkün olacaq.   

O əlavə edib ki, Zəngəzur dəhlizinin gələcəkdə Şimal–Cənub nəqliyyat dəhlizinə inteqrasiyası da əlavə fürsətlər yaradacaq və regionun qlobal bazarlara çıxış imkanlarını gücləndirəcək.   

“Bu layihə təkcə iqtisadi deyil, geosiyasi və strateji baxımdan da mühüm əhəmiyyət daşıyır. Naxçıvanın regionun nəqliyyat xəritəsində rolunun güclənməsi və Avropa İttifaqı bazarlarına birbaşa çıxışı baxımından bu, tarixi bir təşəbbüsdür”, - deyə parlamentari fikrini yekunlaşdırıb.  

Töhfə Səməd

tag: Vüqar Bayramov,Deputat,Dəmiryolu,Naxçıvan,Todaypress.tv,

photo