Trampdan yeni sülh cəhdi: Bu dəfə Tailand və Kamboca…
Siyasət
28.07.2025 17:26
“Dünyada yeni düzən formalaşana qədər Tailand-Kamboca kimi qonşulararası münaqişələrin hərbi qarşıdurmaya çevrilməsi ssenariləri hələ çox yaşanacaq”.
Siyasi şərhçi Taleh Əliyev bunu TodayPress TV-yə açılamasında bildirib.
Onun sözləriə görə, region ölkəsi olan Malayziyanın təşəbbüsü ilə Tailand və Kamboca arasında danışıqlar prosesi artıq başlayıb. Lakin münaqişənin sülh yolu ilə həlli və atəşkəsin bərqərar olunması istiqamətində addımlar atılsa da, danışıqlar zamanı belə atəşkəsin pozulması hallarına rast gəlinib.
ABŞ-nin bu prosesə müdaxiləsinə gəlincə, şərhçi vurğulayıb ki, son illərdə Vaşinqton daha çox razılığa gəlmiş tərəflər arasında sülhün möhkəmləndirilməsi və diplomatik dəstəyin verilməsi istiqamətində fəaliyyət göstərir. Lakin bu yanaşma hər zaman real sülh nəticələri doğurmur. Ukraynada olduğu kimi, çağırışlara baxmayaraq, münaqişələrin qarşısını almaq və davamlı sülh əldə etmək hələ də çətin olaraq qalır.
“Bu vəziyyət ABŞ-nin nüfuzunun azalması ilə bağlı deyil, əksinə, İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq hüquq və münasibətlər sisteminin çökməsi ilə əlaqədardır. Qlobal qeyri-sabitlik fonunda dünyanın aparıcı dövlətlərinin belə münaqişələrin qarşısını qısa müddətdə alması mümkünsüzləşib. Hazırda beynəlxalq sistem ya zəifləyib, ya da funksionallığını itirib. Bu isə onu göstərir ki, yeni bir effektiv və hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemi formalaşdırılmalıdır. Bu sistem dövlət hüququndan daha üstün prinsiplərə söykənməli və beynəlxalq təşkilatların, eləcə də vasitəçi ölkələrin müdaxiləsi ilə münaqişələrin tez və effektiv şəkildə həllinə imkan yaratmalıdır”.
Analitik əlavə edib ki, yeni nizam formalaşana qədər tarixi və geosiyasi səbəblərdən qaynaqlanan ikitərəfli hərbi münaqişələr yaşanmağa davam edəcək. Bu halda nə ABŞ, nə də digər beynəlxalq aktorlar müharibənin tamamilə qarşısını almaqda və qısa müddətdə sülh əldə etməkdə uğur qazana biləcəklər. Tailand və Kamboca arasında yaşanan son hadisələr də bu vəziyyətin bir nümunəsidir. Lakin hər iki tərəfin tez bir zamanda sülh masasına əyləşməsi onu göstərir ki, hər iki ölkə müharibənin nəinki problemin həllinə xidmət etdiyini, əksinə, büdcəyə əlavə yük, insan tələfatı və iqtisadi dağıntılara səbəb olduğunu anlayır.
Qeyd edək ki, iyulun 23-də Tailand və Kamboca sərhəddində gərginlik başlayıb. Hazırda tərəflər arasında danışıqlar aparılır. Prosesə isə region ölkəsi olan Malayziya vasitəşilik edir. Lakin buna baxmayaraq, iki ölkə arasındakı gərginlik hələ də qalmaqdadır. ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması ilə bağlı Kambocanın Baş naziri və daha sonra Tailandda Baş nazirin səlahiyyətlərini icra edən şəxslə telefonla danışıb.
O, davam edən müharibəyə son qoyulmasını və atəşkəs əldə olunmasını tələb edib.
Töhfə Səməd
tag: Taleh Əliyev,Siyasi şərhçi,Tramp,Sülh,Todaypress.tv,
