“Təbriz-Bakı-Təbriz” aviareysi bərpa olundu: Azərbaycana müsbət nə vəd edir?

Siyasət

30.07.2025 12:55

“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşların bərpa olunması hər iki ölkə üçün iqtisadi, sosial və mədəni mübadilənin inkişafı baxımından əhəmiyyətli hadisədir”.

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O xatırladıb ki, İranla Azərbaycan arasında tarixi, milli və ənənəvi bağlar mövcuddur.      

“Azərbaycanda və İranda kifayət qədər qohumları olan insanlar var. Onlar vaxtaşırı ökələrarası səfərlər edirlər. İran hakimiyyəti ilə nə qədər müəyyən problemlər yaşansa da, xalqlarımız qardaşdır, bir xalqın iki yerə bölünmüş hissəsidir. Bu baxımdan,  birbaşa reyslərin bərpası həmin vətəndaşlarımızın sosial tələbatlarının ödənilməsi üçün çox vacibdir”.

Digər tərəfdən, ekspert İranla Azərbaycan arasında vaxtaşırı turist axının olduğunu da diqqətə çatdırıb. Onun qənaətincə, təyyarə reysləri bahalı olduğu üçün hər kəs bu imkandan istifadə edə bilmir. Quru yolları ilə səfərlərin daha əlçatan və sərfəli olmasına baxmayaraq, hazırda həmin variant əlçatan deyil. Ona görə də aviareyslərin bərpası səfərlərin intensivləşməsinə və genişlənməsinə səbəb olacaq. Eyni zamanda bu, turistik səfərləri də artıracaq. 

“Azərbaycandan da İrana gedənlərin sayı heç də az deyil. İranda yerləşən Kərbəla ziyarətgahı azərbaycanlı zəvvarlar üçün önəmli bir məkan sayılır. Minlərlə azərbaycanlı bu ziyarəti həyata keçirmək üçün illərlə pul yığır. Bu baxımdan, “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşların bərpası İranın turizm potensialının Azərbaycanda reallaşmasına imkan yaradacaq”.

Qeyd edək ki, iyulun 29-da “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub. 

Məlumat üçün əlavə edək ki, təkcə bu ilin aprel və may aylarında ölkəyə gələn iranlıların sayı ümumilikdə 12-13 min nəfərə çatıb. 

Töhfə Səməd

tag: Akif Nəsirli,Ekspert,Bakı,Təbriz,Reys,Todaypress.tv,

photo