Son 60 gün: Qəzzada HƏRBİ ƏMƏLİYYATLAR yenidən gündəmdə...
Siyasət
17.02.2026 22:08
İsrail HƏMAS-a silahsızlaşması üçün 60 gün müddət verib. Bildirilib ki, əks halda Qəzzada hərbi əməliyyatlar yenidən başlaya bilər.
İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuks qeyd edib ki, bu müddət ərzində HƏMAS bütün silahlarından imtina etməlidir, əks halda İsrail ordusu Qəzza zolağında əməliyyatları bərpa edəcək.
Bəs bu ultimatum Qəzzada gərginliyi artıracaqmı?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, İsrail-HƏMAS xəttində mümkün hərbi aktivlik Ağ Ev görüşü ilə əlaqəlidir.

“İsrailin HƏMAS mövzusuna yenidən qayıtması böyük ehtimalla Ağ Evdə keçirilmiş Netanyahu-Tramp görüşünün nəticəsidir. İsrail Yaxın Şərqi tamamilə nəzarət altına almaqda israrlı mövqe tutur və son vaxtlara qədər Tramp administrasiyası bu məsələdə daha ehtiyatlı davranmağa üstünlük versə də, Ağ Evdə keçirilən görüşdən sonra müəyyən anlaşmaların əldə olunduğu təəssüratı yaranır", - deyə o izah edib.

Analitikin sözlərinə görə, əgər HƏMAS-a 60 gün zaman verilirsə, bu, Tramp administrasiyasının HƏMAS-a qarşı mümkün yeni hərbi əməliyyatlara dəstək verə biləcəyini göstərir. Əks halda, zaman verilməsi məsələsi bu qədər qabarıq şəkildə gündəmə gətirilməzdi.
Siyasi şərhçi hesab edir ki, bu yanaşma Yaxın Şərqdə tezliklə sülh və sabitliyin mümkün olmayacağını göstərir.
"Hərçənd ki, Tramp administrasiyası Qəzza bölgəsi və Fələstin böhranı üzrə sülh prosesinə başlamaq niyyətini ifadə edib və bununla bağlı ayrıca qurum yaradılıb. Hətta Trampın həmin quruma rəhbərlik etmək istədiyi açıqlanıb, yaxın vaxtlarda isə bu qurumun toplantısının keçiriləcəyi gözlənilir", - deyə politoloq qeyd edib.

E. Xalidbəyli əlavə edib ki, mövcud vəziyyət Tramp administrasiyasının bir tərəfdən sülh çağırışları etməsi, digər tərəfdən isə İsrailin Qəzzada baş verən hadisələrə münasibətdə daha sərt və balanslı mövqe nümayiş etdirməməsi ilə müşayiət olunur
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,İsrail,Qəzza,Tramp,HƏMAS,Todaypress.tv,
