Rusiya Paşinyan hakimiyyətinə qarşı: GƏRGİNLİK PİK HƏDDƏ ÇATIR!

Siyasət

28.07.2025 15:09

“Rusiya Ermənistanda Baş nazir Nikol Paşinyanın hakimiyyətinin devrilməsi prosesinə start verib”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiya Ermənistanın mövcud hakimiyyətinə qarşı açıq şəkildə siyasi hücuma keçib və bu proses artıq Paşinyanın devrilməsi istiqamətində real mərhələyə qədəm qoyub. 

“Bu məqsədlə Moskva Ermənistandakı ənənəvi müttəfiqlərini, keçmiş “Qarabağ klanı”nı, müxalif qüvvələri və Erməni Apostol Kilsəsini bir araya gətirib. Artıq prosesə Rusiyanın “5-ci kolon” adlandırılan qüvvələri də cəlb olunub. Bu çərçivədə “Taşir” şirkətlər qrupunun rəhbəri, milyarder Karen Karapetyanın Ermənistana emissar kimi göndərilməsi də təsadüfi deyil. Lakin onun Paşinyan tərəfindən həbs olunması gərginliyin pik nöqtəyə çatdığını göstərir”. 

Analitik əlavə edib ki, Moskvanın Ermənistandakı təsir imkanları təkcə siyasi dairələrlə məhdudlaşmır, eyni zamanda dini və ictimai institutlara da sirayət edir. Paşinyan isə bu təzyiqləri başa düşür və 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakimiyyətdən uzaqlaşdırıla biləcəyini nəzərə alaraq, hazırkı mərhələdə əks-həmlələrə başlayıb. Buna görə də hazırda Paşinyanın əsas siyasi dayağı Qərbyönlü elektoratdır: 

“Bu elektorat əsasən gənclərdən ibarətdir. Onlar Rusiyanı rədd edir və Ermənistanın Avropa İttifaqı ilə daha sıx inteqrasiyasını arzulayırlar. Hazırda universitet auditoriyalarında Rusiyaya qarşı açıq etiraz əhval-ruhiyyəsi müşahidə olunur. Lakin yaxın vaxtlarda bu qüvvələrə qarşı mitinq və kampaniyalar arta bilər”.

Onun qənaətincə, Paşinyan gələcək seçkilərə daha güclü mövqedən qatılmaq üçün Rusiya ilə bağlantılı bütün təsir alətlərini zərərsizləşdirmək niyyətindədir. Erməni Apostol Kilsəsi, rusmeyilli müxalifət, o cümlədən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı” Paşinyanın hədəfindədir. O, bu dairələri siyasi səhnədən tam uzaqlaşdırmağa çalışır.

Z.Əmrəliyev sonda diqqətə çatdırıb ki, Ermənistanda siyasi mübarizə daha da sərtləşəcək və Paşinyanın Rusiya ilə açıq qarşıdurmaya girməsi ölkədə daxili sabitliyi daha da kövrək vəziyyətə salacaq.

Töhfə Səməd

tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Rusiya,Todaypress.tv,

photo