Sülh sazişinə doğru tarixi addım: "Dünya rahat nəfəs alır"
Təhlil
09.08.2025 12:51
"Razılaşma nəticəsində, nəinki Cənubi Qafqaz, hətta dünya da bölgədə gərginliyin azalması ilə bağlı rahat nəfəs ala bilir".
Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 8 avqust 2025-ci il Azərbaycan tarixində mühüm gün kimi yadda qalacaq.
"Uzun müddət davam edən Azərbaycan–Ermənistan gərginliyinə son qoyulub və sülh müqaviləsinin imzalanması istiqamətində həlledici addım atılıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, həmçinin ABŞ-Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq bərpa edilib".
Aydın Mirzəzadə vurğulayıb ki, bütün bunlar Azərbaycanın diplomatik uğuru, Prezident İlham Əliyevin apardığı siyasətin müsbət nəticəsidir.
Qeyd edək ki, 8 avqust Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamə imzalanıb. Sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atılıb.
Türkan İsgəndərli
tag: Aydın Mirzəzadə,Deputat,Sülh,Saziş,Todaypress.tv,
