Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY
Siyasət
23.07.2025 12:33
“Ermənistanın ötən 5 ildə sərgilədiyi qeyri-konstruktiv mövqe artıq nə regiona, nə də özünə fayda gətirə bilər”.
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinə yönəlik tənqidlər regional siyasi dinamikaların tam mərkəzinə toxunur.
“Ermənistan 2020-ci il 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə yubadır. Əslində, Ermənistanın bu məsələ ilə bağlı qeyri-müəyyən və tərəddüdlü davranışı təsadüfi deyil. Bu, ilk növbədə, Ermənistanla Rusiya arasında Zəngəzur dəhlizi üzərində nəzarət mexanizmləri ilə bağlı dərin fikir ayrılığının nəticəsidir.
Ermənistan bu marşrutun Rusiyanın nəzarətinə keçməsini istəmir, bunun əvəzinə ya beynəlxalq şirkət, ya da birbaşa Ermənistanın öz nəzarətində olmasını tələb edir. Lakin reallıq göstərir ki, bu cür ikili standartlı yanaşma nə regionda davamlı sülhə, nə də inteqrasiya layihələrinin reallaşmasına xidmət edir”.
Analitik diqqətə çatdırıb ki, rəsmi Bakının bu məsələdə mövqeyi aydındır və prinsipialdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizindən təhlükəsiz, maneəsiz və səmərəli şəkildə istifadəni təmin etmək niyyətindədir. Bu, yalnız Azərbaycanın deyil, regionun nəqliyyat konfiqurasiyasının əsas dayağı sayılan layihənin taleyi üçün həlledici amildir.
“Ermənistanın dəhlizin açılmasına mane olan davranışları təkcə onun öz siyasətinə deyil, həm də xarici güclərin bölgəyə təsirinə bağlıdır. Bu qüvvələrin başında, İran dayanır. Tehran bu nəqliyyat xəttinin açılmasında iştirak və ya nəzarət imkanına malik olmadığı təqdirdə, prosesə qarşı açıq və ya dolayı yolla əngəl yaradır. Rusiya da öz maraqları baxımından bu məsələyə selektiv yanaşma sərgiləyir, bu da prosesin dayanıqlı şəkildə irəliləməsinə mane olur. Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın səbirli, amma qətiyyətli mövqeyi, əslində, regionda yeni bir reallığın, güc və hüququn uzlaşdırıldığı siyasətin təzahürüdür. Ermənistan isə bu yeni reallığı qəbul etmək istəmədikcə, yalnız regiondakı imkanlardan deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm həlqəsi olmaq fürsətindən uzaq düşəcək”.
Qeyd edək ki, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə əsas müzakirə mövzulardan biri olub.
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,Azərbaycan,Ermənistan,Sülh,İkili standart,Todaypress.tv,
