Prezident beynəlxalq səviyyədə xəbərdarlıq etdi: “Xəzərin çəkilməsi...”

Təhlil

26.09.2025 15:21

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin sürətlə kiçilməsinə diqqət çəkib və bildirib ki, bu prosesin əsas səbəbi iqlim dəyişmələri deyil. 

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin azalmasının arxasında geosiyasi və iqtisadi amillər dayanır və vəziyyət hələ də düzəldilə bilər.

TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyev hələ 2022-ci ildə xəzəryanı dövlətlərin dövlət başçılarının toplantısında bu təhlükəyə diqqət çəkmiş və birgə səylərin göstərilməsi çağırışını irəli sürmüşdü. 

Politoloqun sözlərinə görə, prezidentin əsas mesajı ondan ibarətdir ki, vəziyyəti düzəltmək imkanları mövcuddur və xəzəryanı dövlətlər bu məsələni diqqət mərkəzinə salaraq təxirəsalınmaz addımlar atmalıdırlar.

“Xəzərin çəkilməsinin qarşısının alınması istiqamətində fəaliyyətin koordinasiyası vacibdir”

Ekspert əlavə edib ki, ikitərəfli görüşlər zamanı Azərbaycan tərəfi məsələni həmişə aktual saxlayıb və prezident BMT-nin müvafiq strukturları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş etdirib.

“Azərbaycan Xəzər sahilində yerləşən unikal logistika imkanlarına malik olan strateji layihələrin iştirakçısı kimi Xəzər dənizindəki vəziyyəti öz nəzarəti altında saxlayır. Xəzərin çəkilməsinin qarşısının alınması istiqamətində fəaliyyətin koordinasiyası vacibdir və Azərbaycan bu sahədə aparıcı rolu öz üzərinə götürə bilər. Ölkə başçısı bir daha nümayiş etdirdi ki, sözügedən məsələni diqqətdə saxlayır. Ona görə də prezidentin səsi BMT ali tribunasından daha aydın eşidiləcək. Vəziyyət təkcə xəzəryanı ölkələr tərəfindən deyil, Xəzər üzərindən logistika imkanlarından istifadə etmək istəyən digər dövlətlərin də diqqətini çəkəcək. Bu, dünyanın kifayət qədər potensiallı ölkələrinin maraqlarına cavab verir. Buradan Çin və Avropa ölkələrini də qeyd etmək olar. Onlar da mövzuya daha həssas yanaşacaqlar. Çünki həqiqətən də prezidentin bir neçə dəfə bildirdiyi kimi, Xəzərin kiçilməsi ilə bağlı məsələ olduqca ciddidir və təxirəsalınmaz addımların atılmasını tələb edir,” – deyə Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.

Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Prezident,BMT,Xəzər,Todaypress.tv,

photo