Nüvə proqramı, neft, minerallar: Amerikanın İranda əsas hədəfi nədir?

Siyasət

17.02.2026 17:30

ABŞ–İran danışıqlarında mineral ehtiyatlara çıxış məsələsi yenidən gündəmə gələ bilər. Məlumata görə, əvvəlki görüşlərdə nüvə mövzusu ilə yanaşı, nadir torpaq metalları, neft və qaz yataqları da müzakirə edilib.

ABŞ son illər Çindən asılılığı azaltmaq üçün Ukrayna və Qrenlandiya kimi ölkələrin nadir torpaq ehtiyatlarına maraq göstərir. 

Bəs, İranın nadir torpaq metalları, neft və qaz yataqlarına çıxış ABŞ-nin İranda əsas məqsədi ola bilərmi?   

Mövzunu beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.

   

Analitik qeyd edib ki, danışıqlar nüvə proqramı və sanksiyalar üzərindədir: 

"Amerika-İran danışıqları bu gün Cenevrədə yenidən davam edir, tərəflər arasında danışıqlar artıq ABŞ-nin oradakı səfirliyində başlanıb. Danışıqların gündəliyini rəsmi olaraq İran müəyyən edir. İran tərəfi bildirib ki, onlar yalnız nüvə proqramının dayandırılması ilə bağlı ABŞ-nin tələblərini müzakirə etməyə hazırdır, amma bunun qarşılığında sanksiyaların yumşaldılması tələb olunur. İran qeyd edib ki, onlar nüvə proqramının tamamilə sıfırlanmasına razı deyillər, yalnız müəyyən həddə qədər azaldılmasına razılıq verə bilərlər. Lakin ABŞ də bunun müqabilində müəyyən güzəştlər, konkret olaraq sanksiyaların yumşaldılması və ya aradan qaldırılmasını təklif etməlidir". 

Onun qənaətincə, bu danışıqlarda əsas məsələ neftdir: 

“Ümumiyyətlə, İran həm də nadir torpaq elementləri ilə zəngin ölkədir. Çinin neft ehtiyatlarının əhəmiyyətli hissəsini İran qarşılayır. Məlumatlara görə, İranın satdığı neftin təxminən 80%-i Çin tərəfindən alınır. İran sanksiya altında qaldığına görə nefti ucuz qiymətə satmağa məcburdur. Bu da Çinin güclənməsidir. Çünki bazar qiymətlərindən daha ucuz qiymətə aldığı İran, Venesuela nefti Çinin iqtisadi gücünü artırır. Amerika da maraqlıdır ki, Çin güclənməsin”.


Ekspert hesab edir ki, bu baxımdan, İran neftinə nəzarət ABŞ-nin əsas hədəflərindən biridir: 

“Nadir torpaq elementləri də Amerika üçün böyük əhəmiyyət kəsb edir. Son bir ildə Trampın siyasətinə baxsaq, onun məqsədi dünyadakı nadir torpaq elementləri ilə zəngin əraziləri nə olursa olsun nəzarətə götürmək olub. Bunun üçün müqavilələr və sazişlər imzalanıb. Bu da təsadüfi deyil, çünki Çin nadir torpaq elementləri bazarına demək olar ki, hakimdir. Tramp da bu sahəyə sahib olmaq, həmçinin onların texnoloji işlənməsini əldə etmək üçün çalışır”.

Ə.Mustafa əlavə edib ki, Amerika, İranın təbii ehtiyatları və rejimi üzərində nəzarət qurmağa çalışır: 

“Buna görə də hesab edirəm ki, Amerika-İran danışıqlarında ən vacib məsələlərdən biri İranın təbii ehtiyatlarına, xüsusilə neftinə və nadir torpaq elementlərinə nəzarət etməkdir. Eyni zamanda, mövcud İran rejiminə nəzarət də ABŞ üçün önəmlidir, çünki bu rejimlə uzunmüddətli uzlaşma real görünmür və eyni zamanda İran Rusiya və Çinlə əməkdaşlığını davam etdirəcək. Ona görə də amerikalılar başa düşürlər ki, neft və digər təbii ehtiyatlara nəzarət etmək üçün rejim üzərində təsir sahibi olmaq vacibdir”.

Politoloq sonda vurğulayıb ki, digər proqramlar – nüvə proqramı, raket proqramı, proksilərin dəstəklənməsi və s. də ABŞ üçün önəmlidir. Amerikalılar istəyirlər ki, İran bu fəaliyyətlərini zəiflətsin və ya dayandırsın. Lakin bütün hallarda əsas məsələ İranın neftinə, təbii ehtiyatlarına və nadir torpaq elementlərinə sahib olmaqdır: 

“Məncə, Amerika üçün ən vacib prioritet məhz budur”. 

Qeyd edək ki, fevralın 17-də Cenevredə ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu başlayıb. 

Jalə Rövşən

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,ABŞ,İran,Todaypress.tv,