Makron "oyunbazlığı" Fransanı çətin günlərə sürükləyir…
Təhlil
24.09.2025 16:40
Fransanın Baş naziri Fransua Bayrunun etimad səsverməsi nəticəsində istefaya göndərilməsi ehtimalı Fransada siyasi böhranın dərinləşməsinə işarə edir. Sol, mərkəz və sağ partiyaların parçalanmış mövqeləri, Milli Assambleyada çoxluğun olmaması baş nazirin vəzifəsini davam etdirməsini çətinləşdirir və hökumətin siyasətində qeyri-sabitlik yaradır.
Mövcud durumu TodayPress TV-yə şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Fransada siyasi böhranın əsas səbəbi prezident Emmanuel Makronun siyasi xəttidir:
“Milli Assambleyada keçirilən seçkilərdə Makron açıq şəkildə məğlubiyyətə uğramışdı. Buna baxmayaraq, o, heç bir halda hökuməti əlindən buraxmaq istəmir. Bu da ölkədə ciddi fikir ayrılığına səbəb olur. Həm solçular, həm də sağçılar Makrona kifayət qədər təzyiq göstərirlər. Solçu lider Jan-Lük Melanşon dəfələrlə bəyan edib ki, Makronun siyasəti Fransada daxili vəziyyəti daha da gərginləşdirir və bu, hökumət böhranına gətirib çıxaracaq”.
Politoloqun sözlərinə görə, hazırkı hökumət böyük çoxluğu təmsil etmir və sadəcə Makronun siyasi xəttini tarazlamağa çalışır:
“Bu isə böhranın açıq əlamətləridir. Dəfələrlə baş nazirlərin dəyişdirilməsi və parlamentdə etimad səsverməsindən keçməmələri də bunun göstəricisidir. Çünki hökumət çoxluğu təmsil etmir, azlıq hökuməti formalaşdırılır. Makronun əsas məqsədi prezidentə sadiq hökumətin qurulmasıdır”.
Analitik əlavə edib ki, Fransa qarışıq idarəetmə formasına malikdir və prezidentlə parlamentin səlahiyyət bölgüsü mövcuddur. Bu isə hökumət böhranı təhlükəsini artırır. Baş nazirin istefaya göndərilməsi böhranın dərinləşməsinə səbəb olacaq. Konstitusiyaya görə, hökuməti qurmaq vəzifəsi əvvəlcə sosialistlərə, sonra isə sağçılara verilməlidir. Konstitusiyaya uyğun hökumət qurularsa, böhran aradan qalxacaq. Əks halda, Makron siyasi oyunbazlığa davam edərsə, Fransanı çox çətin günlər gözləyir.
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Makron,Fransa,Todaypress.tv,
