Nigina Şermuxamedova: "İnternetə çıxış insan hüquqlarının ayrılmaz hissəsidir”
Siyasət
05.11.2025 12:59
“İnformasiya texnologiyalarının inkişafı dünyada yeni güc mərkəzlərinin yaranmasına səbəb olur. Rəqəmsallaşma artıq fundamental konstitusiya prinsiplərinə bir neçə istiqamətdə təsir göstərir və bu təsir gələcək hüquqi sistemlərin əsasını formalaşdırır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Özbəkistan Milli Universitetinin Fəlsəfə fakültəsinin professoru, “Philosophy and Life” (“Fəlsəfə və Həyat”) beynəlxalq elmi jurnalının baş redaktoru Nigina Şermuxamedova “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.
Professor qeyd edib ki, rəqəmsal mühit ənənəvi hüquqları yenidən formalaşdırır:
“Bu gün söz və ifadə azadlığı, məlumat əldə etmək və şəxsi məlumatların qorunması hüququ kimi fundamental dəyərlər rəqəmsal reallıqlarda yeni məna qazanır. Rəqəmsal şəxsiyyət və internetdə çıxış hüququ artıq insan hüquqlarının ayrılmaz hissəsidir”.
Nigina Şermuxamedova vurğulayıb ki, hakimiyyət bölgüsü prinsipi də rəqəmsal dövrdə yeni yanaşma tələb edir:
“Məlumatlara və alqoritmlərə çıxış imkanları icra hakimiyyətinin gücünü artırır. Bu isə parlament və məhkəmə nəzarətinin daha da möhkəmləndirilməsini zəruri edir. Alqoritmik qərarların şəffaflığı və cavabdehlik mexanizmlərinin tətbiqi artıq mütləq zərurətə çevrilib”.
Professor, həmçinin kibertəhlükələrin və informasiya axınlarının sərhədləri aşmasının dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib:
“Transmilli platformaların fəaliyyəti və rəqəmsal sistemlərin artan təsiri milli suverenliyin qorunmasını prioritetə çevirir. Dövlətlər öz kritik infrastrukturunu qorumaq üçün yeni hüquqi və institusional mexanizmlər formalaşdırmalıdır. Müasir dünyada fundamental hüquqlar artıq yalnız milli konstitusiyaların çərçivəsində deyil, beynəlxalq standartlar və texnoloji təcrübələrlə birgə formalaşır. Bu, yeni bir anlayışı — qlobal “rəqəmsal konstitusionalizmi” doğurur. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Şimali Kipr kimi ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal transformasiya hüquqi sistemlərin modernləşməsini və siyasi mədəniyyətin inkişafını stimullaşdırır”.
Qiymət Mahir
tag: Professor ,Nigina Şermuxamedova,Türkiyə,Ekspert,Todaypress.tv,
