Millət vəkili “okey”, “uje” sözlərini işlədənləri sərt tənqid etdi

Siyasət

21.12.2025 14:52

“Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın və qurumun üzərinə düşən məsuliyyətdir”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “ÜTÜⁿ Aristotel Forumu”  çıxışı zamanı deyib. 

Deputat bildirib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın mədəniyyətini, dəyərlərini və milli kimliyini daşıyan əsas amildir:

“Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı dilin qorunması məsələsinə xüsusi diqqət ayırdı. Unutmamalıyıq ki, Azərbaycan dili türk dilləri arasında klassik türkcəyə və Osmanlı türkcəsinə ən yaxın, öz saflığını qoruyub saxlayan dillərdən biridir və bu, dilin strateji dəyər daşıdığını göstərir”.

Millət vəkili vurğulayıb ki, iki azərbaycanlının bir-biri ilə başqa dildə danışması başadüşülən deyil və bu, cəmiyyət tərəfindən də mənfi qarşılanır. O qeyd edib ki, keçmişdə rus dili, hazırda isə ingilis və bəzi türk sözləri gündəlik danışıqda geniş yayılıb, halbuki Azərbaycan türkcəsinin özünəməxsus söz ehtiyatı və ifadə imkanları var və bunlar qorunmalıdır. 

Ceyhun Məmmədov xüsusilə “okey”, “uje” kimi sözlərin geniş istifadəsini tənqid edərək bildirib ki, bu ifadələrin Azərbaycan dilində qarşılıqları mövcuddur və yad sözlərin vərdiş halını alması dilin zənginliyinə zərər vurur.

Parlamentari çıxışında gənclərin nitq bacarıqlarına da toxunub. O deyib ki, bir universitet müəllimi kimi gənclərin bir hissəsində öz fikrini ifadə etməkdə çətinliklər müşahidə edir: 

“Bəzən çox savadlı gənclər nitq bacarığı zəif olduğu üçün geridə qalır, əksinə, fikrini aydın ifadə edənlər daha çox diqqət cəlb edir. Gələcək dövrün ən böyük problemlərindən biri də ünsiyyətsizlik olacaq. İnsanların canlı ünsiyyətə və özünüifadə bacarıqlarına daha çox önəm verməsi vacibdir”.

Qiymət Mahir

tag: Millət vəkili ,Ceyhun Məmmədov ,Dil,Türkcə,Todaypress.tv,