Komissiya hərəkətə keçdi: Ukrayna seçkilərə hazırlaşır?

Siyasət

24.12.2025 14:09

Ukrayna Mərkəzi Seçki Komissiyası dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib. Bildirilib ki, müharibə fonunda demoqrafik dəyişikliklər nəzərə alınmaqla seçici siyahılarının yenilənməsi gələcək seçkilər üçün vacib şərtdir.   

Bəs Ukrayna müharibə şəraitində seçkilərə gedə bilərmi və hazırkı vəziyyətdə sağlam seçkilərin keçirilməsi mümkün olacaqmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Həsənov bildirib ki, Ukraynada hərbi əməliyyatlar davam etdiyi müddətdə seçkilərin keçirilməsi mümkün deyil:


"Bəli, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərliyi ilə seçkilər planlaşdırıla bilər, lakin hərbi əməliyyatlar davam etdiyi müddətdə bu mümkün deyil. Ukraynanın Konstitusiyası da bunu tələb edir. Ona görə də döyüş şəraitində seçkilərin keçirilməsi mümkün deyil".

Ekspertin sözlərinə görə, müharibə zamanı atəşkəs elan edilməli, döyüşlər dayandırılmalıdır. Ondan sonra təxminən üç ay ərzində hazırlıq işləri aparılaraq seçkilər keçirilməsi mümkündür. Prezident Zelenski dəfələrlə bildirib ki, müharibə dayandırıldıqdan sonra həm seçkilər, həm referendumlar keçirilə bilər, lakin buna müəyyən zaman lazımdır.

Elşad Həsənov vurğulayıb ki, Seçki Komissiyasının fəaliyyəti  gələcəyə hazırlıqdır:

"İndi Ukrayna Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçicilərin siyahısını yeniləməyə başlaması göstərir ki, ümid var ki, yaxın gələcəkdə müharibə dayandırılacaq və seçkilər keçirilə biləcək. Ancaq hazırkı şəraitdə, göydən atəş və bombalar yağdığı bir vəziyyətdə seçkilərin keçirilməsi mümkün deyil. Bu həm özünü aldatmaq olar, həm də Konstitusiya buna icazə vermir".

Analitik sonda əlavə edib ki, müharibə bitdikdən və atəşkəs elan edildikdən sonra isə seçkilər haqqında qərar verilə bilər. Hazırkı şəraitdə seçkilərin keçirilməsi mümkün deyil.

Jalə Rövşən

TodayPress TV

tag: Elşad Həsənov,Ekspert,Ukrayna,Seçki,Todaypress.tv,