İran "Hörmüz"də GÜCLƏNİR: Dünyanın “neft damarı”nı nə gözləyir?

Siyasət

17.02.2026 14:03

İran "Hörmüz" boğazında təhlükəsizlik təhdidlərinə qarşı hərbi təlimlərə start verib.  Təlimlər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "kompleks, canlı və hədəf yönümlü" proqram çərçivəsində icra olunur. 

Maraqlıdır, ABŞ ilə danışıqların davam etdiyi bir vaxtda İran hərbi təlimlərə niyə üstünlük verir? Tehran hansı təhlükələri hiss edir?

Sözügedən məsələni politoloq Sədrəddin Soltan TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu, sadəcə diplomatik təzyiqdir:    

"Regionda həm ABŞ-nin, həm də İranın güc cəmləşdirməsi bir-birinə təzyiq vasitəsi rolunu oynayır. Başqa sözlə, bu, danışıqların gedişinə təsir göstərmək məqsədi daşıyır. Tehran və Vaşinqton bununla bir-birinə çəkindiricilik tətbiq edirlər. Hər iki tərəf həm döyüşə, həm də danışıqlara hazır olduqlarını nümayiş etdirir". 

Ekspert vurğulayıb ki, bir müddət əvvəl Tehran hakimiyyəti SEPAH-ın hərbi manevrlər keçirdiyini elan etmişdi. Bundan əlavə, fevral ayının sonunda Çin, Rusiya və İran hərbi qüvvələrinin dəniz donanmasının təlimlərinin keçirilməsi gözlənilir:    

"Burada yeni və qeyri-adi heç bir şey yoxdur; məqsəd yalnız əzələ nümayiş etdirməkdir".  

Qeyd edək ki, beynəlxalq mətbuatda ABŞ ilə müharibənin başlayacağı təqdirdə İranın "Hörmüz" boğazını bağlayacağı ilə bağlı spekulyasiyalar var. Dünyada neft tranzitinin 20%-i bu boğazdan keçir.   

Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,İran,Hörmüz,Todaypress.tv,