Azərbaycanda NATO planı: Ölkəmiz bölgədə leqal hədəfə çevirə bilər? – RƏY

Siyasət

28.07.2025 13:37

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanda hazırda NATO bazasının yerləşdirilməsi planı olmasa da, gələcəkdə bu, dəyişən geosiyasi proseslər fonunda istisna edilmir. 

Bəs bu planın gerçəkləşməsi nə dərəcədə reallığa uyğundur? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Əziz Əlibəyli bildirib ki, hazırkı şəraitdə bu məsələ real görünməsə də, gələcəkdə geosiyasi maraqlar kontekstində yenidən gündəmə gələ bilər:

“Dünya dinamikası dəyişir. Bu dəyişikliklər Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı apardığı əməkdaşlıqlarda da özünü göstərir. Nəticədə təhlükəsizlik arxitekturasında yeni aktorlar ortaya çıxır və köhnə güc balansı pozulur. Bu gün ABŞ-nin Azərbaycanda hərbi baza yerləşdirməsi ideyası reallıqdan uzaqdır. Çünki bu, ölkəmizi bölgədə leqal hədəfə çevirə bilər”. 

Ekspertin fikrincə, xüsusilə Rusiya və İran bu cür təhlükəsizlik məsələlərinə həssas yanaşır və hərbi baza ideyasına ciddi reaksiya verə bilər:

“İndiki mərhələdə bu məsələni gündəmə gətirmək absurddur. Amma bu, gələcəkdə mümkün deyil demək də olmaz. Sadəcə bu baş verərsə, qarşılığında hansı təhlükəsizlik arxitekturası qurulacaq? Risklər necə kompensasiya ediləcək? Bu suallara cavab tapılmadan belə qərarlar vermək mümkün deyil”, - deyə Əziz Əlibəyli fikrini sonlandırıb.   

Türkan İsgəndərli

tag: Əziz Əlibəyli,Ekspert,Azərbaycan,NATO,Baza,Todaypress.tv,

photo