Azərbaycan WUF14-ə hazırlıq prosesində öz təcrübəsini bölüşməyə hazırdır
“WUF13 göstərdi ki, əlçatan mənzil və dayanıqlı icmalar yalnız ortaq məsuliyyət və birgə fəaliyyətlə mümkündür”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Meksikada keçiriləcək WUF14-ə hazırlıq prosesində öz təcrübəsini bölüşməyə hazırdır.
Anar Quliyevin sözlərinə görə, WUF14-ə aparan yolda şəhər gündəliyinin irəlilədilməsi və mənzil problemlərinin gündəmdə saxlanılması üçün daha bir mühüm platforma olacaq — COP31.
Komitə sədri qeyd edib ki, Azərbaycan artıq 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır və tədbir iyunun 5-də Bakıda keçiriləcək:
“Bu platforma iqlim məsələlərinin müzakirəsi üçün peşəkarları və praktikləri bir araya gətirəcək. Tədbir çərçivəsində iqlim dəyişiklikləri kontekstində şəhər inkişafı ilə bağlı çağırışlar da geniş şəkildə müzakirə olunacaq”.
Komitə sədrinin sözlərinə görə, son günlər ərzində Bakı bir daha qlobal çağırışların həllində həmrəyliyin, tərəfdaşlığın və effektiv beynəlxalq əməkdaşlığın vacibliyini nümayiş etdirib.
O əlavə edib ki, forum bir daha sübut edib ki, əlçatan mənzil və dayanıqlı icmalar yalnız ortaq məsuliyyət və birgə fəaliyyət əsasında qurula bilər.
Qiymət Mahir